Dekabrın 18-də MDB Parlamentlərarası Assambleyasında “Gənclər nasizmin qəhrəmanlaşdırılmasına qarşı” mövzusunda videokonfrans keçirilib.
“QIA.AZ” xəbərinə görə, Azərbaycan Milli Məclisinin qurumdakı nümayəndə heyətinin üzvləri – MDB PA-da Hüquqi məsələlər üzrə daimi komissiyanın sədr müavini Əminə Ağazadə və deputat Kamran Bayramov onlayn formatda keçirilən tədbirə qoşulublar.
Videokonfransı giriş nitqi ilə açan moderator – MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatı Muhammad Vəliyev bildirib ki, bu tədbir 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illik yubileyinə həsr olunub.
Videokonfransda “Müasir beynəlxalq hüquqi rejim İkinci Dünya müharibəsinin əsas nəticəsi kimi”, “SSRİ xalqlarının faşizm üzərində qələbədəki töhfəsi: tarixi irsin qorunması problemləri”, “Nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizəyə Belarus Respublikasının töhfəsi”, “Tarixin saxtalaşdırılmasına və nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə metodları və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin əsas istiqamətləri”, “Tarixi yaddaşın qorunması dövlət sabitliyinin qarantı kimi”, “Tarixi yaddaşın qorunmasında və tarixin saxtalaşdırılmasına qarşı mübarizədə “Rusiya gənclər və uşaq birlikləri Milli Şurasının” fəaliyyəti”, “Nasizmə qarşı mübarizədə millətlərarası barışıq və tolerantlıq vacib amillər kimi”, “Tarixi həqiqətlərin qorunmasında KİV-lərin rolu” mövzularında məruzələr dinlənilib. Rusiya, Tacikistan, Belarus, Moldova və Özbəkistan parlamentlərini təmsil edən məruzəçilər, həmçinin bəzi əlaqədar qurumların və ictimai təşkilatların nümayəndələri öz çıxışlarında tarixi gerçəkliyi qorumağın və gənc nəsillərə olduğu kimi aşılamağın vacibliyini vurğulayıblar. Nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizədə birgə səylərlə fəaliyyət göstərməyin zəruriliyini, tarixin saxtalaşdırılmasının yolverilməzliyini qeyd ediblər.
Videokonfransda Azərbaycan Milli Məclisinin deputatı Əminə Ağazadə “Gələcək nəsilləri nifrət, diskriminasiya və dözümsüzlükdən qorumaq üçün MDB məkanında nasizmin qəhrəmanlaşdırılmasının yolverilməzliyi” mövzusunda məruzə ilə çıxış edib. Bu il 75 illik yubileyi qeyd olunan Qələbənin qazanılmasında Azərbaycanın və Azərbaycan xalqının misilsiz rolundan söz açan deputat bildirib ki, bu əlamətdar hadisə münasibətilə Milli Məclis “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı”nı təsis edib və həmin medal veteranlara təqdim olunub.
Əminə Ağazadə vurğulayıb ki, nasist Almaniyası üzərində qələbə dünya tarixinin möhtəşəm hadisəsidir. Bu qələbə keçmiş sovetlər ittifaqındakı bütün xalqların milli və hərbi qürurudur. Lakin təəssüflər olsun ki, bu gün bir sıra dövlətlərdə o tarix qəsdən təhrif edilir, insanlıq ləyaqətini itirərək faşistlərə xidmət etmiş olan şəxslər qəhrəmanlaşdırılır və məktəblərdə, gənclər arasında təbliğ olunur. Ermənistanda faşist əlaltısı, cəllad və xain Qaregin Njdeyə – Qaregin Ter-Harutyunyana abidə qoyulması bunun bariz nümunəsidir. Paytaxt İrəvanda ucaldılmış 6 metrlik həmin abidə MDB məkanında nasist əlaltısına qoyulmuş yeganə abidədir.
Milli Məclisin deputatı öz məruzəsində onu da vurğulayıb ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında tarixi və mədəni abidələri vəhşicəsinə dağıtmaqla bu ölkədə faşist ideologiyasının geniş yayıldığını bir daha təsdiqləyib. Hazırda işğaldan azad olunmuş Qarabağda və ətraf 7 rayonda mövcud olan acınacaqlı vəziyyət erməni faşizminin bariz təzahürüdür.
Deputat qeyd edib ki, faşizmə qarşı peyvənd yoxdur, onun təzahürlərinə qarşı yalnız müntəzəm, ardıcıl və dönməz mübarizə aparmaqla gənclər arasında nasizmin təbliğinin qarşısını almaq olar.
Videokonfransda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, nasizmin qəhrəmanlaşdırılmasının qarşısını almaq üçün müxtəlif təkliflər səslənib. Milli Məclisin deputatı Kamran Bayramov diskussiyalarda iştirak edib.