Bir neçə gündən sonra 2020-ci ili yola salacağıq. Adətən il başa çatanda onun yekunları təhlil olunur. Biz də Prezident İlham Əliyevin ötən birillik fəaliyyətinə nəzər salıb, onun Prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edəcəyik.
Bu il bəşəriyyət üçün çox ağır keçdi. Koronavirus dünyanı az qala iflic vəziyyətinə salıb. Azərbaycan Prezidenti pandemiyaya qarşı ölkə daxilində və qlobal miqyasda mübarizədə aparıcı rol oynayır. Dövlət başçısının təşəbbüsü ilə Qoşulmayanlar Hərəkatna üzv dövlətlərin, BMT Baş Assambleyasının və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının koronavirusa həsr olunan iclasları keçirilib. Prezident MDB Dövlət Başçıları Şurasının sammitində Azərbaycanın pandemiyaya qarşı mübarizədə beynəlxalq səviyyədə oynadığı rolu diqqətə çatdırıb: “Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon ABŞ dolları məbləğində könüllü ianə etmişik. Pandemiyanın birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq, Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib”. Bu, İlham Əliyevin beynəlxalq problemlərin həllində verdiyi töhfəyə nümunə sayıla bilər.
İlham Əliyevin hakimiyyətdə olduğu 17 il ərzində həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövləti formalaşdırmaq olub və bu siyasət indi də davam edir. Prezident 2018-ci il fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışında bu istiqamətlərə də bir daha toxunub. Dövlət başçısının həyata keçirdiyi daxili siyasətin əsasını Azərbaycanda sabitliyin mövcud olması təşkil edir.
“Bizim son illər apardığımız siyasət özünü tam doğrultdu, Azərbaycanda sabitlik mövcuddur. Qeyd etdiyim kimi, sabitlik hər bir inkişafın əsas şərtidir. Biz görürük ki, son 5-6 il ərzində dünyanın müxtəlif yerlərində, bizim regionumuzda çox ciddi, narahatedici proseslər gedir. Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, ölkələrin bir-birinin işinə kobudcasına qarışması, hərbi müdaxilələr – bütün bunlar bizim gözümüzün önündə baş verən məsələlərdir. Biz görürük və bütün bəşəriyyət əyani şəkildə görür ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz. Bu, xalqlara, ölkələrə böyük bəlalar, faciələr gətirir. Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır. Ona görə həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxarır”, – Prezident bildirmişdi.
Bu siyasi kurs davam edir. Prezident Azərbaycanda vətəndaş həmrəyliyinin yaranmasına, xalq – iqtidar birliyinin möhkəmlənməsinə daim diqqət ayırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəsmi Bakı uğurlu xarici siyasət kursu həyata keçirir. Bu siyasət nəticəsində ötən illərdə Azərbaycan beynəlxalq birlik tərəfindən çox böyük rəğbətlə qarşılanıb. Son illər beynəlxalq arenada Azərbaycanı dəstəkləyə ölkələrin sayı artıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olmasını 155 dövlət dəstəkləmişdi.
Prezidentin yürütdüyü xarici siyasət kursu beynəlxalq hüquqa və ədalətə əsaslanır. Onun xarici siyasət kursunda uğurları da bu prinsiplərə əməl etməsinin nəticəsidir. Bunu dövlət başçısı çıxışında da vurğulayıb: “Biz bundan sonra da beynəlxalq arenadakı rolumuzu fəal aparacağıq. Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik. Qonşu dövlətlərlə əlaqələrimiz daha da yüksək pilləyə qalxacaqdır. Mən buna əminəm. Çünki hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir”.
Azərbaycan beynəlxalq enerji daşıyıcıları layihələrinə öz töhfəsini verir. Prezident çıxışlarında bu istiqaməti belə açıqlayıb: “Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir. Biz bu tarixi layihəni – 7 ölkəni, qitələri birləşdirən, 3 500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk. Onu da deməliyəm ki, Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır”.
Dekabrın 19-da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk qatar təyinat nöqtəsi olan Sian şəhərinə çatıb.BTQ vasitəsilə, “Türkiyə Dövlət Dəmir Yolları”nın dəstəyi ilə İstanbuldan Siana yola salınmış qatarın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “Pasifik Eurasia Logistics” (Türkiyə), “GR Logistics” (Gürcüstan), “ADY Konteyner” (Azərbaycan) və “KTZ Express” (Qazaxıstan) şirkətləridir. Qatar təyinat məntəqəsinə ümumilikdə 2 qitə, 2 dəniz və 5 ölkə keçərək çatıb.
Bu layihə Azərbaycan Prezidentinin yürütdüyü siyasət və ölkədəki sabitlik nəticəsində reallaşıb. Dövlət başçısının fəaliyyəti Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, müasir iqtisadi, sosial, mədəni infrastrukturun formalaşdırılmasına xidmət edir.
Prezident müasir cəmiyyət quruculuğu, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsi istiqamətində də uğurlu addımlar atır. Bu səbəbdən Azərbaycan dünyanın təhlükəsiz ölkələrdən biridir.
Azərbaycan demokratik inkişaf yolunun seçib. Prezidentin yürütdüyü siyasət də buna söykənir. Dövlət başçısı çıxışlarında bildirib: “Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar – söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu, bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, – biz bunu istəyirik, – mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir.
Azərbaycanda vicdan azadlığı tam təmin edilir və ediləcəkdir. Bundan sonra da Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkə kimi uğurla inkişaf edəcək. Bundan sonra da ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir. Azərbaycanda heç vaxt milli və ya dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır, bundan sonra da olmayacaq. Bu, dövlət siyasətidir və bu siyasət Azərbaycan xalqı tərəfindən tam şəkildə dəstəklənir. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri dəyərli vətəndaşlar kimi öz işi, əməyi ilə ümumi inkişafımıza böyük töhfələr verirlər”.
Azərbaycan həm də multikutural ölkədir. Prezident çıxışlarında qeyd edib ki, Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır: “Multikulturalizm bizim üçün həyat tərzidir. Ancaq yenə də əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki siyasətimiz təkcə ölkə daxili üçün deyil, dünya üçün də çox önəmlidir”.
Müasir dünyanın tələbi qarşılıqlı anlaşmaya əsaslanır. Bu baxımdan Azərbaycanda insanların bir-biri ilə anlaşması və həmrəyliyi Prezidentin uğurlu siyasətinin nəticəsidir.
Dövlət başçısının fəaliyyətinin əsasında insan amili durur. Ölkədə sosial sahələrdə aparılan islahatlar, səlahiyyət həddini aşan hakimiyyət nümayəndələrinin cəzalandırılması bir daha əhalinin sosial rifahının təmin edildiyini, sosial dövlət konsepsiyasının inkişaf etdirildiyini və həyata keçirildiyini təsdiqləyir.
Azərbaycanın uğurları Prezidentin yürütdüyü müstəqil xarici siyasətdən də qaynaqlanır. Bu ölkəmizin beynəlxalq münasibətlər sisteminin layiqli və nüfuzlu üzvünə çevrilməsinə təkan verir.
Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdə humanizm prinsipi, vətəndaş amilinin aliliyi, multikulturalizm ənənənlərinin inkişaf etdirilməsi, milli birlik və həmrəyliyin qorunması öz müsbət nəticəsini 44 günlük Vətən müharibəsində də göstərdi.
İlham Əliyev Azərbaycan tarixinə hərb yolu ilə torpaqlarını işğaldan azad edən qalib prezident kimi düşdü. O sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquq normalarından çıxış edərək hərb yolu ilə də təmin etmək mümkündür. Dövlət başçısı güclü və müasir ordu quruculuğunda mühüm rol oynadığını nümayiş etdirdi. Vətən müharibəsində Azərbaycanın qalib gəlməsinin şərtləndirən amillər güclü lider, güclü ordu və vətəndaşı həmrəyliyidir.
Beləliklə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunmaq üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu.
Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.
İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir.
O, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq şəxsdir. Dövlət başçısı bu zəfərlə yürütdüyü 17 illik siyasətinin doğru olduğunu Azərbaycana və beynəlxalq ictimaiyyətə sübut etdi.İlham Əliyev öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən tarixi şəxslər sırasına öz adını böyük hərflərlə yazdı. Milli dövlətçilik tarixində Azərbaycana başçılıq etmiş şəxslərin hər biri öz xətti ilə seçilib, hər biri fərqli əməlinə və fəaliyyətinə görə yadda qalıb. Tarixdə Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin qurucusu, Əbülfəz Elçibəy Cümhuriyyəti bərpa edən milli azadlıq hərəkatının lideri, bir sıra ilklərin müəllifi, Güney Azərbaycan türklərinin pozulan milli haqlarını dünya ictimaiyyətinin diqqətinə çatdıran prezident, ümummilli lider Heydər Əliyev milli dövlətin və dövlətçiliyin xilaskarı kimi qalıb. İlham Əliyev isə tarixdə islahatçı, güclü havadarları olan düşmənlə döyüşməkdən çəkinməyən, işğalçı Ermənistanı cəzalandıran, Azərbaycanın əraz bütövlüyünü təmin edən qalib dövlət başçısı olaraq qalacaq.
Dost da, düşmən də çətin gündə sınaqdan çıxar. Dövlət başçısı Azərbaycanın dost və düşmənlərini sınaqdan çıxartdı. Prezident bundan sonrakı fəaliyyətində də qazandığı uğurları artıracaq və daha güclü Azərbaycan quracaq. Keçdiyi çətin yol Prezident İlham Əliyevə daha güclü lider olmaq imkanı verir. O, Ermənistanı bir sıra iqtisadi layihələrdən kənarda qoymaqla regional lider olduğunu sübut etdi. İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində bundan sonra Azərbaycana dostlar daha sayğı ilə yanaşacaq, müttəfiqlər daha çox hesablaşacaq, düşmənlər isə daha çox çəkinəcək. O, öz dövlətinə və millətinə uğur qazandıran, Azərbaycanın adını dünyaya öz torpaqlarını işğalçıdan azad edən qalib dövlət olaraq tanıtdıran Prezidentdir.
Dövlət başçısının gördüyü işlərin yekunu vətəndaşlarının rifahında görünəndə uğurlu olur. Bu baxımdan İlham Əliyev 8 Noyabrı Zəfər Günü elan edən, Zəfər paradı keçirən yeganə Prezidentdir. O, Azərbaycanı özünə Vətən bilən 50 milyon azərbaycanlının lideridir.