Suraxanı rayonu – Bakıda inzibati rayon. Bülbülə, Əmircan, Qaraçuxur,Yeni Günəşli, Yeni Suraxanı, Hövsan, Zığ qəsəbələri və Dədə Qorqud yaşayış sahəsi bu rayona aiddir.
Tarixi
Suraxanı toponimi tat leksikasına mənsubdur. Məlumdur ki Suraxanıda qədimdən irandilli tatlar məskunlaşmışlar. Suraxanı toponimi iki komponentdən ibarətdir: surax – fars və tat dillərində çala, çuxur, oyuq, deşik, xanı isə mənbə, qaynaq, çeşmə, fəvvarə deməkdir. S. Aşurbəyli yazır ki, “Suraxanı oyuqdan, deşikdən qaynayıb daşan, fəvvarə vuran deməkdir.”
Suraxanı rayonu 3 noyabr 1934-cü ildə yaradılıb, 18 aprel 1990-cı ilədək Orconikidze rayonu adlanırdı[5]. Həmin tarixdən isə Bakı şəhərinin Orconikidze rayonu Suraxanı rayonu adlandırıb.
Mədəniyyəti
Tarix və mədəniyyət abidələri
“Atəşgah” məbədgahı
Od məbədi olan «Atəşgah» Bakının 30 kilometrliyində, Abşeron yarımadasında Suraxanı qəsəbəsinin cənubi-şərq hissəsində yerləşir.Məbəddə Düma, Mendeleyev, Vereşşagin, professor Berezin, akademik Dorn kimi məşhur alim və səyyahlar qalmışlar. «Atəşgah»ın sahəsi 1368 m2 və yaxud 0,14 ha-dır.«Atəşgah» məbədi Azərbaycan SSR Nazirlər Sovetinin 03.01.1964-cu il tarixli, 3 saylı qərarı ilə yaranmışdır.XVII-XVIII əsrlərdə qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. 19 dekabr 2007-ci ilə qədər Atəşgah məbədi “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyət göstərmişdir.Atəşgah məbədinin özünəməxsusluğu, unikallığı və UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi “Atəşgah məbədi” abidəsinin müstəqil fəaliyyətinə və mühafizəsinə zərurət yaratdığından, eyni zamanda burada turizmin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Atəşgah məbədinin ərazisi Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu elan edilmişdir.
2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilmiş, yeddi ay ərzində başa çatdırılmışdır. Burada kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmış, müasir işıqlandırma sistemi qurulmuşdur.
Qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilmişdir. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunmuşdur. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılmışdır. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur. Muğam evində isə buraya gələn ziyarətçilərin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə ayrıca guşə yaradılmışdır. Burada Azərbaycan muğamının təbliği məqsədilə müxtəlif konsertlərin təşkili də nəzərdə tutulmuşdur.
2013-cü il martın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Mİlli Məclisin deputatı Mehriban xanım Əliyeva “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşlar.
Atəşgah məbədi XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı “əbədi”, sönməz alovların yerində inşa edilmiş od məbədidir. İndiki ibadətgah da atəşpərəstlərin-zərdüştlərin qədim məbədlərinin yerində tikilmişdir. Bu məbədlər təqribən II-III əsrlərdə inşa edilmişdir. XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansara inşa edilmişdir. Vaxtilə hücrələrdə müxtəlif dini ayinlərin icra olunması və oda sitayiş edən kahinlərin fəaliyyəti üçün lazımi şərait də olmuşdur. Məbədə gələn zəvvarlar karvansarada istirahət imkanı da əldə etmişlər. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli almışdır.
Beşkünc planda tikilmiş abidənin həyətində mərkəzi səcdəgahın yuxarısı günbəzlə tamamlanan dördkünc tikili ucalır. Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı – “Balaxana” yerləşir. Yeni memarlıq ənənələri ilə tikilmiş Atəşgah məbədi özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlamışdır. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı vardır.
2015-ci il Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş vermiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda I Avropa Oyunlarının məşəlini alovlandırılmış, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak etmişlər.
Qəsəbələr
- Bülbülə
- Əmircan
- Hövsan
- Qaraçuxur
- Yeni Günəşli
- Yeni Suraxanı
- Zığ
İqtisadiyyatı
2017-ci ilin 9 ayında Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 229,9 milyon manat, tikinti-quraşdırma işləri 24,0 milyon manat, nəqliyyat xidmətləri 11,7 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 25,9 milyon manat, kənd təsərrüfatı 4,9 milyon manat, pərakəndə ticarət dövriyyəsi 235,8 milyon manat, orta aylıq əmək haqqı 590 manat təşkil etmiş, əhaliyə 118,2 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, 3684 yeni iş yeri açılmışdır.Rayon infrastrukturunun yenidənqurulması davam etdirilmiş, 18,3 km. yeni qaz kəməri çəkilmiş və ya əsaslı təmir olunmuş, müxtəlif diametrli borularla 9888,0 p.m. su və 832,0 p.m. kanalizasiya xətləri çəkilmiş, 4720,0 p.m. qəzalı su xətti dəyişdirilmiş, yüksəkgərginlikli elektrik yarımstansiyası tikilmiş, biri təmir olunmuş, Hövsan qəsəbəsində yüksəkgərginlikli elektrik yarımstansiyasının tikintisi davam etdirilmiş, 1743,0 p.m. istilik xətləri dəyişdirilmişdir. Müxtəlif mənbələr hesabına rayonda küçələrə və məhəllədaxili ərazilərə 250,0 min kv.m. asfalt örtüyü salınmış, Qaraçuxur qəsəbəsində Etibar Bəkirli küçəsinin 2,0 km hissəsi yenidən qurulmuş, uzunluğu 12,0 km. olan Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 3,0 kilometrlik hissəsi uzunluğu 6,8 km olan Zığ-Hövsan avtomobil yolu yenidən qurulur.Yenidən qurulan yolların ətrafının estetik görünüşünün yaxşılaşdırılması məqsədi ilə yolların ətrafında irimiqyaslı təmir-tikinti, abadlıq işləri aparılır. Yolların kənarında yöndəmsiz vəziyyətdə olan, mövcud tikinti normalarının tələblərinə cavab verməyən, ətraf ərazinin ümumi görünüşünə xələl gətirən yerüstü kommunikasiya xətləri yerin altına salınır, yeraltı kommunikasiya xətləri təmir edilir və ya dəyişdirilir, qalan hissələri nizama salınaraq rənglənir. Hal-hazırda yenidən qurulan Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 3,0 kilometrlik hissəsində “Azərsu” ASC tərəfindən qəzalı vəziyyətdə olan 2 ədəd 400,0 mm. diametrli qəzalı su xətti dəyşdirilir, layihənin davamı olaraq Yeni Suraxanı qəsəbəsi Səttar Bəhlulzadə, Atamoğlan Rzayev küçələrində yeni su xətti çəkilir. Həmin hissədə artıq 5800,0 p.m su xətti çəkilmiş və işlər davam etdirilir. Rayonda tikinti-quraşdırma işləri davam etdirilmiş, Yeni Günəşli “D” yaşayış sahəsində “Xəzər inşaat XXI əsr” MTK, “AB” yaşayış sahəsində “Atlanta” MTK, “V” yaşayış sahəsində “İB.İN.M-İNŞAAT” MTK, Zığ qəsəbəsində “Şahinlər” MMC, Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində “Elit-R” MTK tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşası, Hövsan qəsəbəsində “Xəyal Adası” yaşayış kompleksinin salınması işləri davam etdirilmişdir. Rayonda eyni zamanda Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36, Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən istismara yararsız 3 ədəd yaşayış binalarının əvəzinə 12 və 14 mərtəbəli yaşayış binasının tikintisi, “ATEF Şirkətlər Qrupu” MMC tərəfindən yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun, Əmircan qəsəbəsində 100 yerlik uşaq bağçasının tikintisi, Qaraçuxur qəsəbəsində Neftçilər parkının əsaslı təmiri işləri də davam etdirilmişdir. Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20,0 ha torpaq sahəsi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin dəstəyi ilə Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Hövsan qəsəbəsi Elman Qasımov küçəsində 11, Oqtay Şabanov küçəsində 4 ədəd çoxmənzilli yaşayış binasının həyətləri abadlaşdırılmış, Oqtay Şabanov küçəsi 20 və 21 saylı binaların baş fasadının qarşısında yeni park salınmışdır. Hazırda Qaraçuxur qəsəbəsi 4042/60-cı məhəllədə 4, Yeni Günəşli “Q” yaşayış sahəsində 8 binanın həyəti abadlaşdırılır. 3 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində 2, Muxtar Fətəliyev küçəsində 3, Zaur Şərifov küçəsində 1, Cəlal Qurbanov küçəsində 1 binanın həyəti, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsi, 8/6 saylı binanın divarına onun xatirə lövhəsinin vurulması ilə əlaqədar binanın ətrafı, Zaur Şərifov küçəsində 4 ədəd binanın həyəti abadlaşdırılmış, Elxan Həsənov küçəsində yerləşən 3 ədəd yaşayış binası təmir edilmişdir. Ümumilikdə rayonun qəsəbələrində bu dövr ərzində 20 “Nümunəvi abad məhəllə” salınmışdır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilmiş, bu il həmin proqrama əsasən rayon üçün 1435 yeni iş yeri açılmış, Rayon MKTB-yə 36-sı məcburi köçkün olmaqla cəmi 568 nəfər işaxtaran şəxs, digər qurumlarda isə 662 nəfər vətəndaş işə qəbul edilmişdir. “Bir bələdiyyə-azı bir layihə” proqramı çərçivəsində Hövsan, Əmircan və Bülbülə bələdiyyəsinin hər biri bir layihə reallaşdırmışdır. Bu dövr ərzində ekoloji məsələlərin həllinə diqqət artırılmış, Zığ və Bülbülə göllərinin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması işləri davam etdirilmiş, rayonda operator şirkətlər tərəfindən ümumi sahəsi 1,5 hektar olan 45 gölməçə müxtəlif növ tullantılardan təmizlənmiş, lay suları və neftlə çirklənmiş 9,8 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunmuş, 33 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, həmin ərazilərdə qazon və ağaclar əkilmişdir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş iməciliklərdə rayonda 5282 ədəd ağac əkilmişdir.