Tərtər rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Sovet dövründə adı Mirbəşir olmuşdur. 7 fevral 1991-ci ildə Mirbəşir rayonu Tərtər rayonu adlandırılmışdır.
Sahəsi 957 km², əhalisi 102,500 min nəfərdir (01.01.2016). Mərkəzi Tərtər şəhəridir.
Tarixi
Tərtər Azərbaycan Respublikasında inzibati rayondur. 1920-ci ilin aprel ayında Cavanşir qəzası yaradılmışdır. Həmin ildə Tərtər sahəsi yaradılmış və 1920–1922-ci illərdə Cavanşir qəzasının tabeliyində olmuş, 1922-ci ildə adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılıb. 7 iyul 1923-cü ildən 1929-cu ilin aprelinə kimi Ağdam qəzasının inzibati tabeliyində, 8 aprel 1929-cu ildən 8 avqust 1930-cu ilə kimi Qarabağ dairəsinin tabeliyində olmuşdur. 8 avqust 1930-cu ildə Tərtər rayonu yaradılıb. 24 fevral 1931-ci ildə Tərtər rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə verilmişdir. 27 yanvar 1934-cü ildə yenidən Tərtər rayonu yaradılmışdır. 5 avqust 1949-cu ildə rayonun adı dəyişdirilərək Mirbəşir rayonu adlandırılmışdır. 4 yanvar 1963-cü ildə Mirbəşir rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə keçirilmiş, 6 yanvar 1965-ci ildə yenidən Mirbəşir rayonu yaradılmışdır. 7 fevral 1991-ci ildə Mirbəşir rayonunun adı dəyişdirilərək yenidən Tərtər rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunu inzibati tərkibinə verilmişdir. Ağdərə rayonu ərazisindən verilən yaşayış məntəqələri də daxil olmaqla hazırda rayonda 2 şəhər, 1 qəsəbə və 74 kənd vardır. Hazırda keçmiş Ağdərə rayonundan Tərtər rayonuna verilən Ağdərə şəhəri və kəndlərdən 13-ü erməni işğalı altındadır.
Qarabağ müharibəsi
Qarabağa çox yaxın olan Tərtər erməni təcavüzündən kifayət qədər əziyyət çəkib. Hal-hazırda Ağdərə rayonundan rayonun tabeliyinə verilmiş yaşayış məntəqələri işğal altındadır. Rayonun bir neçə kəndi cəbhədə yerləşdiyindən Tərtər ətrafında tez-tez döyüşlər gedir. Müharibə dövründə Tərtər rayonundan 307 nəfər şəhid olub. Son 5 il ərzində 15 nəfər tərtərli ermənilərin basdırdığı minalara düşüb.
Ermənilər I Qarabağ müharibəsi dövründə cəbhənin Goranboy və Tərtər istiqamətinə perspektivli ərazi kimi yanaşıblar. Onlar istər 1992-ci ildə, istərsə də 1994-cü ildə əsas diqqəti cəbhənin bu istiqamətinə yönəldiblər. O dövrdə Tərtər istiqamətində döyüşlərdə iştirak etmiş zabitlərin sözlərinə görə, 1994-cü ilin yanvar ayında ermənilərin hərbi qüvvə və texnikasının demək olar 45–50 faizi və 10 min nəfərə yaxın şəxsi heyəti məhz cəbhənin bu istiqamətində cəmləşdirilmişdi. 2010-cu ilin iyunun 19-da Tərtərin Çaylı kəndi uğrunda gedən döyüşlərdə Azərbaycan ordusunun əsgəri Mübariz İbrahimov çoxlu sayda erməni əsgərini öldürərək şəhid olub. Mübariz İbrahimov bu igidliyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İndiki dövrdə belə Ermənistanda Mübariz İbrahimov haqqında danışmağa qadağa qoyulub.Bundan sonra erməni ordusunun əsgərləri bir neçə dəfə Tərtər istiqamətindən cəbhə xəttini yararaq Azərbaycan ərazisinə daxil olmağa çalışsalar da, onların bu cəhdlərinin qarşısı qətiyyətlə alınıb və düşmən ordusu itki verərək geri çəkilib.
2016-cı ildə Dördgünlük müharibə nəticəsində Tərtərin Talış kəndi ətrafındakı strateji yüksəkliklər işğaldan azad edildi.
Coğrafi mövqeyi
Rayonun səthi şimal-şərqdə düzənlik, cənub-qərbdə dağlıqdır. Dağlıq sahədə Yura-Tabaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: neft, daş kömür, tikinti materialları, səpinti qızıl. İqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru-çöl tipli, qışı mülayim soyuqdur. Orta temperatur yanvarda 2 °C-7 °C dərəcə, iyulda 22–27 °C-dir. İllik yağıntı 300–500 mm-dir. Rayon ərazisindən Tərtər və İncəçay, cənub sərhədindən isə Xaçın çayı axır. Ərazisi şabalıdı, boz və çəmən-boz torpaqlardan ibarətdir. Yovşanlı-şoranotulu yarımsəhralar, seyrək kollu çəmənliklər, meşələr və subalp çəmənləri yayılmışdır. Tərtər rayonu Tərtər çayının aşağı hissəsində yerləşir və şimaldan İncə çayı ilə həmhüduddur. Rayonda iqlim şəraiti mülayim iqlimdən başlamış isti yarımsəhra və səhra iqliminə qədər dəyişir. Tərtər və Xaçınçay çayları bu rayonun ərazisi ilə axır. Rayon Kür-Araz ovalığının qərb hissəsində, Qarabağ düzündə yerləşir. Burada neft yataqları, tikinti materialları mövcuddur. Rayonun ərazisində 58 yaşayış məntəqəsi vardır. Rayonun inzibati mərkəzi Tərtər şəhəri Tərtərçayın sağ və sol sahillərindən qədim karvan yolu üzərində yerləşir. Buranın tarixi adı Çaparxana olmuşdur. Alban dövlətinin qədim paytaxtı Bərdədən 17 km aralıda yerləşən bu ərazidə vaxtilə karvansara və qala olmuşdur.
Tərtər rayonu Kiçik Qafqazın şimal-şərq ətəklərində və Qarabağ düzündə yerləşdiyindən burada iqlim yayda quraq isti keçən yarımsəhradır bəzi illərdə yayda hətta 41 °C-temperatur qeydə alınır. Rayonda illik temperatur 11,5 °C-dir Tərtərdə indiyədək qeydə alınmış ən yüksək temperatur müsbət 43 °C dərəcə olub.
Əhalisi
Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)
Rayonun əsas təsərrüfat sahələri pambıqçılıq, heyvandarlıq, taxılçılıqdır. Subtropik meyvə olan narçılıq burda daha çox inkişaf etmişdir. Rayonda pambıqtəmizləmə zavodu, toxuculuq fabriki, elektromexanika, konserv, süd emalı zavodları və s. sənaye müəssisələri mövcuddur. Xalq sənəti növlərindən xalçaçılıq, tikmə və toxuma sənətləri bu rayonda yaxşı inkişaf etmişdir. 2006-cı ildən Tərtərdə Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki “Elektromexanika” zavodu fəaliyyət göstərir. 2010-cu ildə Tərtərdə Gilan Holdinq şirkətinə məxsus süd emalı zavodu fəaliyyətə başlamışdır.
Nəqliyyat
Rayon ərazisində Tərtər-İstisu, Tərtər-Hindarx, Tərtər-Goranboy, Yevlax-Ağdam-Laçın, Tərtər dövrələmə, Tərtər kənar avtomobil yolları keçir. Bu avtomobil yollarının uzunluğu 89 km-dir və yollar 3-cü kateqoriyaya aiddir. Rayon ərazisindən 4-cü kateqoriyaya aid edilən 15 km uzunluğunda Yevlax-Bərdə-Ağdam dəmir yolu keçir.
Tarixi və memarlıq abidələri
Rayonda 24 tarix və mədəniyyət abidələri var. Onlardan 1 ədədi dünya, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi yerli əhəmiyyətli memarlıq, 1 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Həmin abidələr Tərtər şəhərində, Buruc, Hacıqərvənd, Evoğlu, Hüsənli, Sarov, Borsunlu, Bəyim Sarov,Xoruzlu, Dəmirçilər kəndlərində yerləşir. Göstərilən ərazilərdə 3 məscid, 15 kurqan, 2 nekropol, 2 yaşayış yeri, 1 buzxana, 1 türbə mövcuddur. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
- Çiləbürt qalası — Çiləbürt kəndi
- Üç körpə monastırı — Çiləbürt kəndi
- Çiləbürt monastırı — Çiləbürt kəndi
- Müqəddəs Yelisey monastırı — Təpəkənd kəndi
- Kalankat yaşayış yerinin qalıqları — Suqovuşan və Çardaqlı kəndlərinin arası
- Ürəkvəng monastırı — Talış kəndi
- Gülüstan məlik sarayı — Talış kəndi
KİV
1934-cü ilin aprel ayında Maşın Traktor Stansiyasının siyasi orqanı kimi yaradılmış Tərtər rayon qəzeti “Kolxozçuların varlanması yolunda” adı ilə həftədə bir dəfə nəşr edilməyə başlamış, 1937-ci ildən “Qızıl bayraq” adı ilə 3000 nüsxə, İkinci dünya müharibəsi illərində isə 1000 nüsxə tirajla nəşr edilmişdir. 1963–1965-ci illərdə Tərtər rayonu Bərdə rayonu ilə birləşdiyinə görə “Qızıl Bayraq” qəzeti Bərdə rayonunun “Kommunizm yolu” qəzeti ilə birləşdirilmiş, 1966-cı ildən yenidən “Qızıl bayraq” adı ilə nəşr edilmişdir. 1998-ci ildən 2005-ci ilədək qəzet fəaliyyət göstərməmişdir. Uzun fasilədən sonra 2005-ci ilin avqust ayının 20-dən etibarən Tərtər rayon qəzeti “Yeni Tərtər” adı ilə yenidən nəşr edilməyə başlamışdır.