“Azad edilmiş torpaqlarda hər tərəf dağıdılıb. Amma bəzi tikililər var, bəzi evlər var ki, orada ermənilər yaşayıb. Adam baxanda məəttəl qalır ki, orada insanlar necə yaşayıblar? Elə bil ki, it damıdır”.
“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
“Ermənistan rejimi bu adamları faktiki olaraq belə səfalət içində, belə yoxsulluq içində girov kimi saxlayaraq məcbur edirdi ki, orada yaşasınlar. Məcbur edirdi! Kimin imkanı var, qaçıb gedirdi. Ona görə mən həmişə deyirdim ki, müharibədən əvvəl orada – işğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. İndi, bax, müharibədən sonrakı bu vəziyyət bunu göstərir. Ermənilər bu rəqəmi süni şəkildə şişirdirdilər, guya ki, orada 150 min adam var. Maksimum altmış min civarında idi. Onları da güc-bəla ilə orada saxlayırdılar ki, qanunsuz məskunlaşma getsin. Onlar nə gündə yaşayırdılar?! Onlar vəhşi rəhbərləri tərəfindən dağıdılmış Ağdam, Füzuli, Şuşa, digər şəhərlər canlananda, o yerlər cənnətə çevriləndə görəcəklər ki, əlbəttə, harada yaşamaq rahat, təhlükəsiz və iqtisadi cəhətdən sərfəli olar”, – dövlət başçısı vurğulayıb.