Baş Nazirin müavini: “2 mlrd kubmetr sudan daha səmərəli istifadə imkanı yaranıb”

“Cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bizə imkan verir ki, növbəti ilin su təsərrüfatı balansı hazırlanarkən işğaldan azad olunmuş ərazilərimiz üzrə də su ehtiyatlarını qiymətləndirək. Siz artıq qeyd etdiyiniz kimi, ölkəmiz ərazi bütövlüyünü bərpa edəndən sonra xalqımız hərtərəfli dividendlər əldə edəcək və bu baxımdan su resurslarının artırılması da bu sahələrdən biridir”.

“QİA.AZ” xəbər verir ki, bunu Baş Nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

O, qeyd edib ki, Qarabağ bölgəsi su ehtiyatları ilə zəngindir: “Nəhayət uzun fasilədən sonra Qarabağın su ehtiyatlarının və bundan istifadə məsələlərinin yenidən qiymətləndirilməsi diqqət mərkəzində olacaq. Artıq qeyd etdiyiniz kimi, bir sıra çaylarımız, 12 əsas çayımız var. Bir neçəsini mən qeyd etmək istəyirəm. Tərtərçay, onun illik su axınının həcmi 577 milyon kubmetrdir. Həkəri çayı – 341 milyon kubmetr, Qarqarçay – 54 milyon kubmetr, Quruçay – 54 milyon kubmetr, Xaçınçay – 40 milyon kubmetr, Köndələnçay – 22 milyon kubmetr və digər daha kiçik çaylar.

Eyni zamanda, çaylar yağış və qar suları ilə qidalanır. Qeyd etməliyəm ki, Araz çayının ölkəmizin ərazisindən keçən hissəsinə də Azərbaycanın tam nəzarəti təmin edilmişdir və bu da bizə əlavə dividendlər gətirəcək. Bu ərazilərdə müxtəlif dövrlərdə su anbarları tikilmişdir. Bir sıra anbarların adlarını da çəkmək istərdim. Xudafərin su anbarı 1,6 milyard kubmetr su həcmindədir. Qız qalası su anbarı tikilməkdədir – 62 milyon kubmetr. Sərsəng su anbarı 565 milyon kubmetr həcmindədir. Suqovuşan su anbarı – 6 milyon kubmetr, Xaçınçay su anbarı – 23 milyon kubmetr, Köndələnçay kiçik su anbarları – 14,8 milyon kubmetrdir. Təqribi hesablamalara görə, Azərbaycan 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı əldə edib. Eyni zamanda, su tələbatının daha etibarlı imkanları, yeni imkanlar yaranır və bu da su təhlükəsizliyimizin təmin olunması baxımından çox əhəmiyyətlidir”.

Oxşar Xəbərlər