İranın hava yolları şirkətləri iflasa uğraya bilər

Hazırkı vəziyyət davam etdiyi və İranın hava yolları şirkətlərinə dəstək göstərilmədiyi halda, bu şirkətlər iflasa uğraya bilərlər.

QİA.AZ xəbər verir ki, bunu İranın Hava Nəqliyyatı ilə Səfərlər və Turizm Xidmətləri Assosiasiyasının direktoru (Iranian Air Travel and Tourism Offices Association) Yunis Dəqiq Kia mətbuat konfransında deyib. Onun sözlərinə görə, cari İran ilinin 6 ayı (20 mart -21 sentyabr 2020) ərzində İranda hava yolları şirkətləri 20 trilyon rial (təxminən 476 milyon dollar) dəyərində maliyyə itkisi ilə üzləşiblər.

Dəqiq Kia əlavə edib ki, bu vəsaitin hökumət tərəfindən əvəzsiz yardım olaraq ödənməsi üçün müraciət olunub.

Assosiasiya rəsmisi deyib ki, ötən ildə (21 mart 2019-dan -20 mart 2020-dək) İran hava yolları şirkətləri vasitəsi ilə 170 mindən çox yerli uçuş, təxminən 34,3 min xarici uçuş həyata keçirilib.

Dəqiq Kia bildirib ki, bu uçuşlarla ölkə daxilində 18,5 milyon sərnişin, ölkə xarici və əks istiqamətdə 5,18 milyon sərnişin daşınıb.

“Halbuki, cari ilin 6 ayı ərzində uçuşların sayı 35%, ölkə daxilində daşınan sərnişinlərin sayı 47%, ölkə xarici və əks istiqamətdə daşınan sərnişinlərin sayı 96% azalıb” – deyə o qeyd edib.

Dəqiq Kia deyib ki, bundan əlavə, hava yolları şirkətlərinin xərclərində xarici valyutanın 62% rolu var və xarici valyutanın qiymətinin bahalaşması hava yolları şirkətlərinin problemlərini bir neçə dəfə artırıb.

Bildirilib ki, hava yolları nəqliyyatı ilə əlaqədar avadanlıqların satın alınması, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar, koronavirus pandemiyasının yayılması İranın hava yolları şirkətlərinin xərclərini bir neçə dəfə artırıb.

Oxşar Xəbərlər