“Hörmətli qonaqlar, xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Səfəriniz üçün, işğaldan azad edilmiş əraziləri ziyarət etmək üçün vaxt tapdığınıza görə sizə çox minnətdaram. Mənə məlumat verilmişdir ki, dünən siz müharibə zamanı Azərbaycanın işğaldan azad olunmuş şəhərlərini ziyarət etmisiniz və özünüz vəziyyətin şahidi oldunuz”.
“QİA.AZ” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Hər şey tamamilə məhv edilib. Bizim bu barədə məlumatımız var idi. Çünki işğal edilmiş ərazilərdə vəziyyətlə bağlı bizdə müəyyən görüntülər var idi. Lakin səmimi desəm, biz dağıntıların bu qədər geniş vüsət almasını heç təsəvvürümüzə belə gətirə bilməzdik. Bu, onu nümayiş etdirir ki, torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin izini silmək istəyirdi. Azərbaycan xalqının irsini məhv etmək istəyirdi. Biz açıq-aydın başa düşürük ki, bu dağıntılar birinci Qarabağ müharibəsindən sonra edilmişdir. Bu, müharibə zamanı edilməmişdir, çünki müharibə zamanı bu cür dağıntıları etmək mümkün deyil.
Bu, Azərbaycan xalqına məxsus hər şeyi məhv etmək və gələcəkdə azərbaycanlıların geri qayıtmasına imkan verməmək üçün işğaldan sonra edilmişdir. Bu, bir daha onu nümayiş etdirir ki, demək olar, 30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olmuşdur, bu da danışıqları sonsuz və faydasız etmək idi və bu da baş verdi. Çünki demək olar ki, bu 30 illik danışıqlar prosesində heç bir nəticə yox idi. Yalnız danışıqlar, yalnız səfərlər, yalnız bəyanatlar var idi, lakin heç bir nəticə yox idi. Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanını verdi”, dövlət başçısı bildirib.