Benilüks Azərbaycanlıları Konqresi niderlandlı deputatlara müraciət edib

Benilüks Azərbaycanlıları Konqresi niderlandlı deputatlara müraciət edib

Benilüks Azərbaycanlıları Konqresi (BAK) 20 Yanvar faciəsinin araşdırılması üçün Niderland Parlamentinin deputatlarına müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.AZ”a verilən məlumata görə, BAK-ın sədri Elsevər Məmmədovun imzası ilə deputatlara ünvanlanan məktubda M.Qorbaçovun göstərişi ilə tərkibində ermənilərin də olduğu sovet qoşun hissələrinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, bu qanlı qırğın Azərbaycanın suverenliyinin və beynəlxalq konvensiyaların kobudcasına pozulması kimi qiymətləndirilir. Əslində SSRİ rəhbərliyinin məqsədi Azərbaycan xalqının demokratik və milli azadlıqlarını boğmaq olub.

Bildirilib ki, hadisələrdən 31 il keçməsinə baxmayaraq, xalqımız həmin dəhşətli günləri unuda bilmir: “O zaman SSRİ liderləri, o cümlədən bu əmri imzalamış Mixail Qorbaçov məsuliyyətə cəlb olunmadılar, 20 Yanvar hadisələri isə beynəlxalq hüquqa uyğun olaraq qiymətləndirilmədi”.

Məktubun sonunda Niderlanddakı 30 minlik azərbaycanlı icmasının adından deputatlara müraciət olunub: “Biz beynəlxalq hüquq normalarının pozulmasının araşdırılmasını və bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını istəyirik. Sonra isə beynəlxalq məhkəmə Azərbaycan xalqı və zərərçəkənlər adından qərar qəbul edə bilər”.

Oxşar Xəbərlər