Azərbaycanın işğaldan azad edilmiş bəzi ərazilərinə avtobus reyslərinin açılması ilə bağlı işlərə başlanılıb.
“QİA.AZ” bildirib ki, bunu “Report”a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
“Daşıyıcıların müəyyən edilməsi üçün müsabiqənin keçirilməsinə dair əmr imzalanıb, Müsabiqə Komissiyası yaradılıb. İlkin mərhələdə avtobus reysləri açılacaq bölgələrin də siyahısı məlumdur. Minadan təmizlənmiş ərazilərə gediş-gəlişə tam imkan verdikdən sonra sərnişin daşımaları həyata keçiriləcək. İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərə Gəncə, Beyləqan və Yevlaxdan sərnişinlər daşınacaq. Birinci mərhələdə, Horadiz, Suqovuşan, Talış kəndi, Cəbrayıl və Zəngilana, ikinci mərhələdə isə işğaldan azad edilmiş digər bölgələrimizə sərnişindaşımanın həyata keçirilməsi gözlənilir. Sərnişinlərin böyük istəyini nəzərə alaraq Şuşaya sərnişin daşınmanı I mərhələyə daxil etmişik”, – o qeyd edib.
“Müsabiqə Komissiyasının işinə dəstək üçün əlavə mütəxəsislərin cəlb edilməsi də gözlənilir. Bununla bağlı qaydalar var. Bu qaydalarda olan prosedurlara, şərtlərə və müddətlərə uyğun daşıyıcılar cəlb ediləcək. Müsabiqənin keçirilməsinə 30 gün qalmış Kütləvi İnformasiya Vasitələrində vaxt, yer və müsabiqənin əsas şərtləri ilə bağlı elan veriləcək. Daşıyıcılar avtobusların salonunun, banının vəziyyətinin uyğun olması barədə “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin keçirdiyi texniki müayinənin nəticələrinə dair arayışı əldə etməsələr, müsabiqəyə buraxılmayacaqlar”, – deyə N.Allahyarova əlavə edib.