“Vətən müharibəsində cəbhəyə yollananlar arasında 11 nəfər Aqrar İnkişaf Könüllüsü var. Könüllülərimizdən 2 nəfər ərazi bütövlüyümüzün bərpası uğrunda qəhrəmancasına şəhid olub. Şəhid olan könüllülərimizin xatirəsini əbədiləşdirmək məqsədilə “ZəfərimİZin memuarları” layihəsinə başlamağı planlaşdırırıq”.
“QİA.AZ” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev bildirib.
“Layihə çərçivəsində şəhidlərimizin ailə üzvlərindən, eləcə də qazilərimizin keçdikləri döyüş yolu ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanacaq, onların göstərdikləri qəhrəmanlıq və şücaətdən bəhs olunacaq. Bundan başqa, ən mühüm layihələrimizdən biri olan, işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsinə dəstək göstərmək məqsədilə Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə “AİM-Qarabağ” layihəsinin icrası nəzərdə tutulur. Layihə çərçivəsində işğaldan azad olunmuş ərazilər üzrə qeydiyyatda olan 50 gəncin müəyyən edilərək mütəxəssislərin onlara təlim keçməsi, həmin gənclərə öz doğma torpaqlarında fermer təsərrüfatlarının formalaşdırmaları istiqamətində dəstəyin göstərilməsi planlaşdırılır. Bundan başqa, bu ərazilərin tarixən Azərbaycan xalqına məxsus olması, Azərbaycan tarixini dünya ictimaiyyətinə tanıtmaq məqsədilə Gənclər Fondunun dəstəyilə 3 dildə (rus, ingilis və fransız) “Keçmişin gələcəyi” adlı animasiya filmi üzərində işləyirik. Bu filmi yaxın zamanlarda ictimaiyyətə təqdim edəcəyik. Filmdə Səfəvilər dövründən bu günədək baş verən proseslər, tarixi-mədəni irsimiz haqqında məlumatlar öz əksini tapacaq. Ümid edirəm ki, bu film Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması işinə az da olsa, töhfə vermiş olacaq”, – o qeyd edib.