Ermənistanda keçmiş prezidentlər – Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarqsyan və hazırkı baş nazir Nikol Paşinyanın hakimiyyətləri dövründə ölkənin cəbhədəki itkilər açıqlanıb.
“QİA.AZ” Ermənistan KİV-ə istinadən xəbər verir ki, Baş Prokurorluq bununla bağlı jurnalistlərin sorğusunu cavablandırıb.
Belə ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dövründə (1991-1998) ölkənin itkiləri 7 min civarında olub. Bildirib ki, həmin dönəmin itkiləri barədə rəsmi mənbələrdən məlumat almaq qeyri-mümkün olub və rəqəmlər təxminidir. Rəsmi məlumata görə, 1998-ci ildən 2008-ci ilədək ölkəyə rəhbərlik edən Robert Köçəryanın dövründə cəbhədə 92 nəfər erməni ölüb.
Üçüncü prezident Serj Sarqsyanın (2008-2018) dövründə Ermənistan 228 hərbçi itirib. Onlardan 86-sı 2016-cı ildəki Aprel döyüşlərində məhv edilib. Digər illərin göstəriciləri isə R.Köçəryan dövrünün itkilərinə yaxındır.
Hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən bəri ermənilərin hərbi itkiləri 5 mini ötüb. Bəzi ekspertlərin fikrincə, bu rəqəm 7 mindən çoxdur.
Beləliklə, Ermənistan KİV qeyd edir ki, ikinci və üçüncü prezidentləri dövründə ölkədə sabitlik və təhlükəsizlik təmin olunub.