Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
“QİA.AZ” xəbər verir ki, Prezident İlham Əliyev deyib:
– Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz.
Məhəmməd Cavad Zərif:
– Təşəkkür edirəm, cənab Prezident. Mən Prezident Ruhaninin ən xoş arzularını və salamlarını çatdırıram.
Prezident İlham Əliyev: Çox sağ olun. Mənim də ən səmimi salamlarımı və yeni ildə ən xoş arzularımı cənab Prezidentə çatdırın. İl artıq başlayıb və mən planlarımızı müzakirə etmək, görülmüş işlərə yenidən nəzər salmaq üçün sizi Azərbaycanda qəbul etməyə şadam. Biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Bildiyiniz kimi, biz çoxsaylı – prezidentlər səviyyəsində 10-dan çox, eləcə də digər yüksək rütbəli rəsmilər səviyyəsində görüşlər keçirmişik. Bu görüşlərin hamısı çox səmərəli olub. Bu yaxınlarda ölkənizdə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev mənə aparılan müzakirələr və razılaşmalar barədə hesabat verdi. Biz planlaşdırdığımız bütün işləri həyata keçirmişik. Biz son bir neçə ildə iki qardaş ölkənin çox yaxın olduğu siyasi sahədə, iqtisadi sahədə, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr görürük. Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir. Baxmayaraq ki, onu tam şəkildə başa çatdırmamışıq, biz bu istiqamətdə hərəkət edirik.
Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır. Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə – Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər.
Bizim müzakirə edəcəyimiz çox məsələlər var. Mən, ilk növbədə, ikitərəfli əlaqələrimizi, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyimi bildirmək istərdim. Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var. Beləliklə, cənab Nazir, bir daha xoş gəlmisiniz.
Məhəmməd Cavad Zərif:
– Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin “3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur.
Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır. Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub.
Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır. Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik.
Prezident İlham Əliyev:
– Əlbəttə. Bildiyiniz kimi, mən Xudafərin ərazisinə səfər edərkən həmin sərhədi dostluq sərhədi adlandırdım. Bu, məhz dost və qardaş xalqların sərhədidir.