Baş Prokurorluq: Ötən il 30 şəxs tutularaq ölkəmizə ekstradisiya edilib

2020-ci il ərzində birinci instansiya məhkəmələrində 10 849 şəxs barəsində 9 455 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

“QİA.AZ” xəbər verir ki, bu barədə yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda 2020-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq edilən cinayət işi üzrə müəyyən edilmiş 5 əsas istiqamət – Azərbaycan xalqına qarşı soyqırım-deportasiya, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə, terror, dövlətə və vətəndaşlara vurulmuş ziyan, müasir dövrdə düşmənlə təmas xəttində milli ədavət və düşmənçilik niyyətilə törədilmiş xüsusilə ağır cinayətlər kimi istiqamətlər üzrə istintaq və digər prosessual hərəkətlərin icrası, həmin cinayətləri törətmiş şəxslərin anket məlumatlarının müəyyən edilməsi üçün zəruri tədbirlərin görülməsi davam etdirilir, həmçinin barələrində axtarış elan olunmuş şəxslərin məsuliyyətə cəlb edilmələri üçün digər zəruri işlərin görülməsi təmin edilir.

2020-ci ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində müsbət göstəricilər əldə edilmiş, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarət artırılmış, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılmışdır.

Hesabat dövründə istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 853 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunmuşdur.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə ötən il ərzində birinci instansiya məhkəmələrində 10849 şəxs barəsində 9455, apelyasiya instansiyası məhkəmələrində 3292 şəxs barəsində 2949, kassasiya instansiyası məhkəməsində 1314 şəxs barəsində 1097 (bütün instansiya məhkəmələri üzrə cəmi 15455 şəxs barəsində 13501 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilmişdir.

Bildirilmişdir ki, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış 961 saylı “Çağrı Mərkəzi”ndə hesabat dövründə 17421 müraciət qeydə alınaraq, onlardan 653-ü cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmış, digərləri üzrə isə müvafiq hüquqi izahlar verilmişdir.

Hesabat dövründə koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndiyi, səmərəli əməkdaşlıq nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyasının həyata keçirildiyi bildirilmişdir.

Qeyd edilmişdir ki, prokurorluq orqanlarının fəaliyyətinin elmi-nəzəri təminatının gücləndirilməsi, hüquq elminin inkişafı və Avropa hüquq təcrübəsinin tətbiqi ilə əlaqədar prokurorluq işçilərinin nəzəri biliklərinin, peşə hazırlığının artırılması, prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə elmi-metodiki köməklik göstərilməsi məqsədilə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 32 nəfərdən ibarət yeni tərkibi təsdiqlənməklə ötən ilin sentyabr ayında ilk iclas keçirilmişdir.

Oxşar Xəbərlər