ABŞ-da neft ehtiyatlarının azalması qiymətlərin artımına təkan verdi

ABŞ-da neft ehtiyatlarının ötən həftə azalmasına dair Amerika Neft İnstitutunun (API) açıqlaması bu günkü hərraclarda əsas markaların bahalaşmasına gətirib çıxarıb.

“QİA.AZ” xəbər verir ki Londonun “İCE Futures” birjasında dünən 0,01 faiz bahalaşan “Brent” markalı neftin mart fyüçersləri bu gün səhər hərracında daha 0,63 faiz bahalaşaraq 56,26 ABŞ dollarından satılıb. Həmçinin Nyu-York Əmtəə Birjasındakı (NYMEX) ötən gün 0,3 faiz ucuzlaşan “WTI” markalı neft bu gün 0,65 faiz bahalaşaraq 52,95 dollardan satılıb.

APİ-nin hesabatına görə ABŞ-da neft ehtiyatları əvvəlki dövrdə 2,56 milyon barel artdıqdan sonra 15-22 yanvar tarixləri ərzində əksinə, 5,27 milyon barel azalıb. Halbuki “Trading Economics”ə görə ekspertlər 0,6 milyon barel artım gözləyirmişlər. Bununla belə benzin ehtiyatları 3,1 milyon barel, distilatr ehtiyatları da 1,4 milyon barel artıb. Kuşing anbarlarında neft ehtiyatının həcmi isə 3,5 milyon barel azalıb.

Neft bazarında qiymət artımını şərtləndirən başqa amil də hasilat ixtisarına dair gözləntilərdir. Belə ki, İraq dekabr ayında gündəlik 3,85 milyon barel olan hasilatını yanvar – fevral aylarında bunu 3,6 milyon barelədək azaldacaqlarını açıqlamışdı. Bununla yanaşı “Trading Economics”ə görə koronavirusa yoluxmaların artması və ABŞ ilə Avropa ölkələrində peyvənləmənin gözləntilərə nisbətən ləng aparılması ilin birinci yarısında neftə tələbatın dirçələcəyi ehtimallarını azaldır.

Oxşar Xəbərlər