Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə AMEA Arxeologiya və Etnografiya İnstitutunun Xınalıq ekspedisiyası ötən il Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu ərazisində arxeoloji tədqiqatlar aparıb.”QİA.AZ” xəbər verir ki, ekspedisiyanın rəhbəri, AMEA Arxeologiya və Etnografiya İnstitutunun Elmi arxivinin müdiri, arxeoloq İdris Əliyev ötən ilin son aylarında Qubanın Xınalıq kəndi yaxınlığında “Kımaliqeberiş” arxeoloji abidəsinin ərazisində arxeoloji-kəşfiyyat işlərinin aparılması nəticəsində orada 1 ha yaxın sahədə qədim yaşayış yeri və qədim qəbiristanlığın mövcud olduğunu deyib. O qeyd edib ki, adıçəkilən abidənin cənub-şərq hissəsində 15-dən artıq kurqan da qeydə alınıb: “Ötən ilin tədqiqat işləri abidənin dağətəyi sahəsində aparildı, əldə edilən nəticələr və arxeoloji materiallar abidə haqqında əsaslı mənbə olaraq Xınalığın qədim keçmişinin, tarixinin geniş araşdırılmasında dəyərli mənbə kimi istifadə oluna bilər. Bu abidəni ilkin nəticələrə əsaslanaraq, antik dövrə aid etmək olar. Öyrənilən qəbirlərin dövrü e.ə. IV- b.e. VII əsrlərinə aiddir. Ötən il qazıntılar nəticəsində unikal maddi-mədəniyyət nümunələri aşkar edilib. Saxsı materialları, dəmirdən hazırlanmış silah nümunələri, tunc bəzək əşyaları, müxtəlif minerallardan və şüşədən hazırlanmış muncuqlar əsasən antik dövrdən başlayaraq eramızın 7-ci əsrinədək dövrü əhatə edir”.Tapıntılar sırasında xüsusilə tunc bəzək əşyalarını qeyd etmək olar. Belə ki, onların analogiyasına istər Azərbaycanda, daha geniş mənada Qafqazda az təsadüf olunur. Nadir tapıntılardan biri – Qədim Roma hərbi geyim elementi olan tunc falerda (Qədim Romada əvvəlcə at əslahəsinin bəzəyi, daha sonra mükafat medalı kimi istifadə olunan dairəvi və oval şəkilli metal plastinlər) qədim yunan mifologiyasındakı əfsanəvi qadın simalı əjdaha Meduza-Qorqona təsvir edilmişdi. Bu tapıntı bölgəyə Roma hərbi yürüşlərinin olmasını təsdiq edən dəyərli material hesab olunur. Belə ki, bəzi əcnəbi tarixçilər Azərbaycan ərazisinin antik dövr siyasi və mədəni mühitindən kənarda qalması barədə qərəzli fikirlər irəli sürməyə və hətta, Qobustandakı latındili yazıların həqiqiliyini şübhə altına almağa çalışırlar.Qeyd edək ki, hələ 2018-ci ildə arxeoloq, t.ü.f.d. İdris Əliyev tərəfindən Xınalıq kəndinin cənub-şərqində e.ə. I minilliyin otalarına aid nekropolun aşkar edilməsi, Azərbaycan arxeoloji xəritəsində daha bir “boşluğun” aradan qaldırılmasına səbəb oldu. Belə ki, indiyə qədər özünüməxsus coğrafi mövqeyinə və relyefinə görə bu zonanın qədim dövrlərdə izolə edilmiş ərazi olması barədə fikirlər mövcud idi. Lakin aşkar edilmiş nekropol son-tunc — ilk dəmir dövrünün sonu ilə antik dövrün ərəfəsi arasındakı zaman kəsiyində ərazidə və bütövlükdə regionda ciddi məskunlaşmanı, qarşılıqlı mədəni münasibətləri ehtiva edən intensiv proseslərin getdiyi barədə tam yeni bir fikirin irəli sürülməsini mümkün etdi.