Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda
brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DGK Mətbuat xidmətindən “QİA.AZ”a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına
məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından
keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib.
Təkrar baxış zamanı çamadanda olan “Nesquik” və “İntense” kakao qutuları, “Baby
Wipes” nəm salfet paketi və “Kenwood” markalı şirəçəkən maşının içində,
ümumilikdə 10 ədəd sellofan büküm aşkar olunub. Həmin bükümlərin içərisindən isə
müxtəlif ölçüdə brilliant qaşlar aşkara çıxarılıb.
Bu predmetlər əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyib, şifahi, yazılı və ya
elektron qaydada bəyan olunmayıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan
brilliant qaşların ümumi kütləsi 3901,60 karat (780,32 qram), orta qiyməti təxminən
485 min manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.