“Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkə iqtisadiyyatında mühüm rol oynayan meliorasiya və su təsərrüfatı fonduna külli miqdarda ziyan dəyib”.
Bunu “QİA.AZ”a açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Fuad Nəsirov bildirib.
Onun sözlərinə görə, işğal altında 9 ədəd su anbarları, 7 ədəd su tutarları, 6426 suvarma şəbəkələri, 2 ədəd hidroqovşaqlar, 330 km kollektor-drenaj şəbəkəsi, 7860 ədəd hidrotexniki qurğular, 88 ədəd nasos stansiya qalmışdı: “İşğal olunmuş ərazilərdə 125 800 ha suvarılan torpaq sahəsi qalmışdı. Bu müddət ərində işğal altında qalmış su təsərrüfatı və meliorasiya obyektlərinə ciddi ziyan dəyib, yararsız hala düşüb. Bununla bağlı, səhmdar cəmiyyətində su təsərrüfatı obyektlərinin inventarlaşdırması üçün komissiya yaradılıb. Komissiya hazırda öz işini davam etdirir. Həmin ərazilərdə komissiya monitorinqlər keçirir”
F.Nəsirov vurğulayıb ki, səhmdar cəmiyyəti tərəfindən su təsərrüfatı komplekslərinin bərpası və inkişafı ilə bağlı Tədbirlər Planı hazırlanıb: “Tədbirlər Planını hökumətə təqdim etmişik. Su təsərrüfatı obyektlərinin bərpası, yenidən qurulması, region əhəmiyyətli tədbirlər, innovativ texnologiyaların tətbiqi və su təsərrüfatı komplekslərinin inkişafı kimi məsələlər Tədbirlər Planında nəzərdə tutulub. Proqramın əsas məqsədi uzun illər erməni təcavüzünə məruz qalmış suvarılan torpaqların kənd təsərrüfatında istifadəsinə şərait yaratmaqdır. Sonrakı mərhələdə isə bu obyektlərin müasir səviyyədə yenidən qurulması və inkişafına nail olmaqdır. Tədbirlər Planın nəticəsində biz Suqovuşan Hidroqovşağının və ondan su götürən Tərtər çay magistral kanalların yenidən qurulması ilə biz işğaldan azad edilmiş rayonların və ətraf rayonların – Goranboy, Bərdə və ətraf rayonların əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşacaq”.