Moldova mediası Qarabağdakı məscidlərdə donuz saxlanılmasından yazıb

Moldova mediası Qarabağdakı məscidlərdə donuz saxlanılmasından yazıb

Moldovanın bir sıra aparıcı KİV-də Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun “Qarabağda 30 ildir ki, Azərbaycan məscidlərində donuzlar saxlanılır” adlı məqaləsi dərc olunub.

“QİA.AZ”ın məlumatına görə, məqalədə deyilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 1988-ci ilədək təxminən 403 tarixi və dini abidə: məscidlər, məbədlər, ziyarətgahlar var idi. İlk öncə, son 30 ildə ermənilər İslam dini abidələri: məscidləri, məqbərələri və s. məhv edib. Belə ki, 67 məsciddən 63-ü tamamilə, 4-ü qismən dağıdılıb.

“Yalnız beynəlxalq təşkilatların təzyiqi nəticəsində Ağdamdakı Cümə məscidinin, Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərinin və Şuşadakı Saatlı məscidinin divarları bütöv saxlanılıb. Lakin onların içərisində donuz və mal-qara saxlanılır, bu da ermənilərin ədəbsizliyi və azərbaycanlılara nifrətinin göstəricisidir”, – yazıda deyilir.

Bundan əlavə yazıda vurğulanır ki, işğal olumuş ərazilərdə bir çox məbədlər Qriqoryan kilsələrinə çevrilib və erməniləşdirilib. Eyni zamanda qeyd olunur ki, çay, göl, kənd və şəhər adları da dəyişdirilərək, erməniləşdirilib. “İslama aid tarixi abidələrin ermənilər tərəfindən amansızlıqla məhv edilməsinin səbəblərindən biri də üzərində müsəlman epiqrafiyası olan yazıların olmasıdır. Bu fakt dini abidələrin erməniləşdirilməsinə əngəl yaradır, və onların Azərbaycana məxsus olmadığı kimi təqdim etməyi və bu torpaqların həmişə ermənilərə məxsus olduğunu söyləməyi mümkünsüz edir”,- məqalədə deyilir.

Sonda qeyd olunur ki, Ermənistanın Azərbaycan xalqının mədəni irsini məhv etməyə və saxtalaşdırmağa yönəlmiş fəaliyyəti bütün bəşəri mədəniyyətə təcavüzdür. “Erməni vandalları bu hərəkətlərinə görə cavab verməli, cəzalandırılmalı və dünya ictimaiyyəti bu faktı diqqətdən kənarda qoymamalıdır”,-yazıda bildirilir.

Məqalə timpul.mdava.md, tribuna.mdipn.md saytlarında dərc olunub.

Oxşar Xəbərlər