Baş Prokurorluğun yeni inzibati binasında dörd korpusdan ibarət kompleksdə prokurorluğun altı idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcək.
“QİA.AZ”ın xəbəriniə görə, bunu Baş prokuror Kamran Əliyev fevralın 8-də Baş Prokurorluğun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında Prezident İlham Əliyevə raport verən zaman bildirib.
Bildirilib ki, kompleksdəki bütün otaqlar müasir informasiya-kommunikasiya qurğuları ilə təchiz olunub. Yeni inzibati binada yaradılmış müasir şərait prokurorluq orqanları əməkdaşlarının daha səmərəli və məhsuldar fəaliyyətini təmin edəcək. Eyni zamanda, vətəndaş məmnunluğunun təmin olunması işi də yeni kompleksdə müvafiq standartlara və müasir formaya uyğunlaşdırılıb.
Diqqətə çatdırılıb ki, cinayət prosesi iştirakçılarının dindirilməsi üçün müasir tələblərə cavab verən 13 dindirmə otağında zəruri texniki vasitələr qoyulub. Eyni zamanda, cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tanınmanı vizual müşahidəni istisna edən şəraitdə aparmağa imkan verən istintaq otağı yaradılıb. Kriminalistika otağı da ən müasir cihaz və avadanlıqla təmin olunub. İnzibati binada üç iclas zalı və 320 nəfərlik konfrans zalı müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları və təqdimatların keçirilməsinə imkan verəcək.