Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) daxil olan ölkələr üçün karqo xidmətləri aviadaşımada əhəmiyyətli bir gəlir mənbəyidir.
“QİA.AZ” xəbər verir ki, bu barədə ADB-nin CAREC-ə daxil olan ölkələrin koronavirus pandemiyasının aviasiya və turizmə təsiri barədə hesabatında qeyd edilib. ADB-nin CAREC proqramına Azərbaycan da daxil olmaqla 11 ölkə üzvdür.
Hesabatda deyilir ki, pandemiya zamanı sərnişin axınının kəskin azalması aviasiya sahəsində yükdaşımanın əhəmiyyətini daha da artırdı və bu da bəzi aviaşirkətlərin təyyarələrin yük tutumlarını artırmasına səbəb olub.
Bu, CAREC ölkələrinin aviasiya sektorunun uzunmüddətli böyüməsinə zəmin yaradan, bu ölkələrin hava yolu ilə yük daşıma potensialına investisiya yatırmaq üçün bir fürsətdir. COVID-19-dan əvvəl hava yolu ilə yüklərin əksəriyyəti sərnişin təyyarələrində göndərilirdi. Sərnişin uçuşlarının kəskin azalması, CAREC ölkələrində olduğu kimi qlobal miqyasda da ümumi yük daşımanın əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu.
Beynəlxalq Hava Nəqliyyat Birliyi bəyan edib ki, 2019-cu ilin martından bəri hava yolu ilə daşımada azalma müşahidə edilib. Bununla yanaşı, karqo yüklərin daşınmasında azalma sərnişin dövriyyəsinin azalması ilə müqayisədə dəfələrlə azdır. Karqo yüklərinin artımı bu sahədə gəlirlərin artımına səbəb olub.
Koronavirus pandemiyasının başlamasından bəri bir sıra ölkələrdə karqo yük daşınmasında kəskin azalmalar müşahidə edilib. Lakin bu hal CAREC ölkələrində müşahidə edilməyib, əksinə bəzi CAREC ölkələrində karqo yük daşınmasında artımlar qeydə alınıb. Bu isə CAREC ölkələrinin əlverişli yerləşməsi ilə əlaqədardır.
Asiya ilə Avropa arasında yük daşımaları artdıqca CAREC ölkələrində yanacaq doldurma və heyət dəyişdirmək üçün limanlarda daha çox təyyarə dayanır.
Pandemiyadan əvvəl CAREC ölkələrinin hava limanlarından il ərzində 800 min ton karqo yüklər göndərilib. CAREC ölkələri qlobal aviasiya məkanında karqo yükdaşımalar sahəsində 1,3 %-lik paya sahib idi.
ADB hesab edir ki, Azərbaycan və Pakistanın böyük karqo bazarları var. 2019-ci ildə Pakistan 330 350 ton karqo yüklərin daşınmasını həyata keçirdiyini bildirib. Azərbaycan isə 2019-cu ildə hava nəqliyyatı ilə 206 400 ton yükün daşınmasını həyata keçirib. Qazaxıstan 80 min ton yükü ilə karqo aviadaşımalarında CAREC ölkələri arasında üçüncü yerdə qərarlaşlıb. CAREC ölkələri arasında bu göstərici üzrə Özbəkistan dördüncü yeri tutub. Əfqanıstan və Tükmənistan kaqro daşıma sahəsində kiçik bazardır.
Azərbaycan 2020-ci ilin 8 ayında hava yolu ilə yükdaşımanı iki dəfə artıraraq 277 min tona çatdırıb. Pandemiya dövründə tibb avadanlıqların Çin Xalq Respublikasından Avropa və MDB ölkələrinə daşınmasına görə Azərbayacan və Gürcüstan yük reyslərin xədmət edilməsində populyarlıq qazanıb.
Müxtəlif aviaşirkətlər sərnişin təyyarələrini karqo daşıma üçün istifadə edib. Məsələn, “Air Astana” və “Uzbekstan Airways” əlavə yük tutumu yaratmaq üçün təyyarələrdən oturacaqları çıxardıblar. CAREC ölkələrinin hökumətləri daha çox tranzit yüklərin cəlb olunmasına və ixraca dəstək verilməsi üçün karqo yükdaşıma sahəsinə investisiya qoyuluşunu nəzərdən keçirməlidirlər. Belə ki, CAREC ölkələrində hava yolu ilə yükdaşıma bu çətin dövrdə əsas gəlir mənbəyi kimi üstünlük təşkil edib.
ADB hesab edir ki, düzgün strategiya formalaşdırılarsa karqo aviadaşıma CAREC ölkələrində böyük gəlir mənbəyi ola bilər, CAREC aviasiya sektoru üçün özül rolunu oynaya bilər və ticarəti stimullaşdıra bilər.
Hesabata əsasən, CAREC proqramına daxil olan ölkələrin hökumətləri pandemiya zamanı və sonrasında yüklərin aviadaşınma bazarının tam liberallaşdırılmasını aparmalıdırlar ki, bu da öz növbəsində hava nəqliyyatı ilə daşınan yüklərin həcmlərinin artımına səbəb olacaq.
Aviasiyada karqo xidmətləri sərnişin daşınma ilə müqayisədə dünyada və CAREC ölkələrində daha liberal normativ mühitdə fəaliyyət göstərir. Gələcək liberallaşma CAREC proqramına daxil olan ölkələrin iqtisadi bərpasına kömək olacaq və çətin dövrdə tez xarab olan qidalar da daxil olmaqla bütün məhsulların hərəkətini, ixracını və idxalını asanlaşdıracaq.