AQTİ-də Təlim Mərkəzi fəaliyyətə başlayır

Qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi, bu istiqamətdə mütəmadi qaydada təlimlərin təşkil edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Qida Təhlükəsizliyi Təlim Mərkəzi fəaliyyətə başlayır.

Qida Təhlükəsizliyi Agentliyindən “QİA.AZ”a verilən məlumata görə, ilkin mərhələdə Təlim Mərkəzinin konsepsiyası və xüsusi tərtibatda kataloqu, eyni zamanda mərkəzin səmərəli fəaliyyəti ilə bağlı əsas təlim metodları və ilkin qeydiyyatı ilə bağlı xüsusi formalar hazırlanıb.

Təlimlərin daha səmərəli və keyfiyyətli təşkili üçün AQTA və AQTİ mütəxəssisləri və beynəlxalq təlimçilərin siyahısı müəyyən edilib, təyin edilmiş meyarlar üzrə təlimçilərin təsnifatlaşdırılması aparılıb və daim yenilənən təlimçi bazası yaradılıb. Eyni zamanda, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı istiqamətləri ilə bağlı peşə kvalifikasiyaları üzrə sertifikatlaşdırma mexanizmi yaradılıb, bu sahələr üzrə xüsusi təlim modulları və onların alt modulları hazırlanıb.

Bundan başqa, ali təhsil müəssisələri ilə müvafiq ixtisas sahələri üzrə birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir. İlkin mərhələdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında elm, təhsil və tədqiqat üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Gələcəkdə Qida Təhlükəsizliyi Təlim Mərkəzində “Onlayn məsləhət”, “Məsafədən təlim”, “Təlimlərə və tədbirlərə onlayn qeydiyyat” panellərindən ibarət elektron xidmətlər platformasının yaradılması nəzərdə tutulur.

Oxşar Xəbərlər