Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir“. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sektorunda da sürətli inkişafa nail olunub. Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb, Ali Məclis Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb.
QİA.AZ xəbər verir ki, fevralın 17-də Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək deyib: Muxtar respublikada sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması geniş sahibkarlar sinfini formalaşdırıb. Ekoloji təmiz havası, tarixi və təbiət abidələrinin mövcudluğu, unikal təbii müalicə mərkəzlərinin olması, müasir yol-nəqliyyat və mehmanxana infrastrukturunun yaradılması muxtar respublikada turizmin inkişafı üçün də əlverişli şərait yaradıb. Yeni investisiyaların cəlbi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması turizmin inkişafına əlavə stimul verib. Qədim diyarda turizmin mövsümiliyinin aradan qaldırılması, ilboyu turizm xidmətlərinin təqdim olunması və turist cəlbediciliyinin artırılması qış turizminin inkişafına da geniş imkanlar açır. Bu cəhətdən Ağbulaq Xizək Mərkəzinin yaradılması istər iqtisadi, istərsə də sosial cəhətdən böyük əhəmiyyətə malikdir. Tapdıq Əliyev muхtаr rеspublikаnın sоsiаl-iqtisаdi tərəqqisinə, sаhibkаrlıq fəаliyyətinin inkişаfınа, turizm potensialının və əhаli rifаhının yüksəldilməsinə göstərilən diqqət və qаyğıyа görə minnətdаrlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ağbulaq kəndində Xizək Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ağbulaq kəndi Sovetlər Birliyi dövründə də havasına və təbiətinə görə mütəxəssislərin diqqətini cəlb edib, burada məktəblilərin yay düşərgələri təşkil olunub. Muxtar respublikanın müxtəlif məktəblərindən olan şagirdlər yay tətilini burada keçirib, kəndin təbiəti ilə tanış olurdular. Lakin 1990-cı illərin acı nəticələri muxtar respublikanın digər əraziləri kimi, kəndə də təsir edib, infrastruktur dağılıb, yaşayış çətinləşib, kənd əhalisi başqa yerlərə köçmək məcburiyyətində qalıb. Bir sözlə, kəndi yenidən qurmaq, inkişaf etdirmək zərurətə çevrilib. Ağbulaqda bu tədbirlərə kənd inizbati ərazi dairəsi üzrə nümayəndəliyin yaradılması ilə başlandı. Daha sonra kəndin ehtiyacları öyrənildi və turizm istirahət bölgəsi kimi qurulmasına qərar verildi. 2013-cü ildə kənddə quruculuq işlərinə başlanılıb, məktəb, kənd və xidmət mərkəzləri tikilib, yol, elektrik, qaz və digər infrastruktur yenilənib, insanların rahat yaşayışı üçün lazımi şərait yaradılıb. 2018-ci ildə isə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb. Turizmi daha da inkişaf etdirmək üçün kənddəki istirahət mərkəzinin yaxınlığında dağ-xizək mərkəzinin qurulması qərara alındı. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşməsi, qış aylarında qar ehtiyatının çox olması və dağ-xizək mərkəzi üçün müvafiq landşafta malik olması bu ərazinin seçilməsinə əsas verdi.
Ali Məclisin Sədri deyib: 2 il ərzində qurulan dağ-xizək mərkəzi bu gün muxtar respublika sakinlərinin istifadəsinə verilir. Bunun əhəmiyyəti ondan ibarətdir ki, birinci, vaxtilə bir o qədər də yararlı olmayan bu ərazilərdə muxtar respublikanın əhalisinə, turistlərə xidmət edəcək istirahət mərkəzi yaradılıb. Digər əhəmiyyəti ondan ibarətdir ki, burada yeni iş yerləri açılıb, ərazi muxtar respublikanın sərvətinə çevrilib. Bir sözlə, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması tək bir kəndin, muxtar respublikanın deyil, ümumilikdə ölkəmizin inkişafına xidmət edəcəkdir. Ağbulaq həm yerli, həm də xarici turistlər üçün cazibədar məkana çevrilib. Təmiz hava, təbii qida, yaradılan lazımi infrastruktur imkan verəcək ki, mərkəz muxtar respublikanın inkişafında xüsusi rol oynasın. Bura inkişaf etdikcə dövlət büdcəsinə vergilər ödəniləcək, bunun da hesabına yeni iş yerləri açılacaqdır. Həm Ağbulaq, həm də ətraf kəndlərdə yaşayan insanlar daimi işlə təmin olunacaqlar. Bunların hamısı isə inkişafın davamlı olmasının göstəriciləridir. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində işlər bundan sonra da davam etdiriləcəkdir. Mərkəz qış aylarında dağ-xizək, yay aylarında isə dağ turizmini seçənlərə xidmət göstərəcək. Kəndin gözəl təbiəti, səfalı yerləri insanların bura axınına şərait yaradacaq.
“Ağbulağın turizm bölgəsinə çevrilməsi üçün 7 ilə yaxın vaxt sərf olunub. Ötən illər ərzində bu işləri həyata keçirmək üçün insanlar zəhmət çəkib, təşəbbüs göstəriblər”, – deyən Ali Məclisin Sədri bu işdə əməyi olanlara təşəkkür edib. Qeyd olunub ki, turizm bölgəsi muxtar respublika büdcəsi və özəl bölmədə fəaliyyət göstərən şirkətlərin vəsaiti hesabına yaradılıb. Ona görə də kollektiv və aid təşkilatlar tikilənləri, qurulanları qorumalı, mərkəz uzun illər muxtar respublikaya xidmət göstərməli, ərazinin təbiəti daha da zənginləşdirilməlidir. Mərkəz gələcəkdə muxtar respublikanın inkişafına töhfə olacaq bu cür bölgələrin yaradılmasına nümunə olacaqdır.
Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək deyib: Kəndin turizm bölgəsinə çevrilməsi üçün layihə həyata keçirildi, evlər yenidən quruldu, həyətlər abadlaşdırıldı. Digər layihəni isə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti həyata keçirəcək, kənddəki bütün evlər günəş panelləri, suqızdırıcıları ilə təmin olunacaqdır. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi isə xizək mərkəzində təhlükəsizlik tədbirlərinə diqqəti artırmalıdır. Gənclər və İdman Nazirliyi Gənclər Fondu ilə birlikdə gəncləri buraya cəlb etməli, müxtəlif idman tədbirləri keçirilməli, xizəkçilik idman növünə maraq artırılmalıdır. Kənddə yay turizmi üçün də tədbirlər görülməli, kanatlardan istifadə etməklə zəngin təbiət turistlərə tanıdılmalıdır. Həmçinin kənddə arıçılıq da inkişaf etdirilməli, keyfiyyətli və təbii bal istehsal olunmalıdır. Burada bir gün keçirmək istirahətin ən gözəl formasıdır. Ona görə də daxili turizm inkişaf etdirilməlidir ki, əhali asudə vaxtını səmərəli keçirsin. Sağlam həyat üçün təbiətdə olmaq, açıq havada gəzmək, idman etmək lazımdır. Ərazi bütün bunlara imkan verir. Şahbuz Rayon İcra Hakimiyyəti tikilənlərin qeydiyyatını aparmalı, Ağbulaq Xizək Mərkəzinin saytı yaradılmalı, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin səhifəsində mərkəz təbliğ olunmalı, xizəksürmə zamanı təhlükəsizlik qaydalarına riayət edilməli, yerli mütəxəssislər bacarıqlarını təkmilləşdirməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqları artırmalıdır.
Ali Məclisin Sədri deyib: Kənddə ailə təsərrüfatları inkişaf etdirilməli, bu sahədə bacarığı olanlara dəstək göstərilməlidir. Onların istehsal etdikləri məhsullar yüksək səviyyədə qablaşdırılaraq turistlərə təqdim olunmalıdır. Turistik bölgənin əhalisinin gəlirləri əsasən turistlərə məhsullarını satmaqla xidmət göstərməklə əldə olunur. Mərkəzdə böyük yeməkxana fəaliyyət göstərir. Bura üçün də məhsullar kənd əhalisindən alınmalıdır. Ərazidə müvafiq istehsal sexlərinin yaradılması imkanı da araşdırılmalıdır.
Gənclər adından danışan Çimnaz Abbasova deyib: “Muxtar respublikamızda uzun illərdir ki, geniş quruculuq işləri həyata keçirilir. Bu gün hara baxsaq, orada müasir məktəb, səhiyyə ocaqları, mədəniyyət obyektləri, gözəl yollar, parklarla qarşılaşırıq. Muxtar respublikada təhsilə çox böyük diqqət və qayğı göstərilir. Bütün bunlar isə gənclərin ictimai həyatda fəal olmasına stimul yaradır. Gənclərin asudə vaxtının səmərəli təşkili də diqqətdə saxlanılır. Onların Ağbulaq İstirahət Mərkəzinə ekskursiyaları asudə vaxtın maraqlı keçməsinə səbəb olub. Bu gün Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi isə istirahətin daha mənalı təşkili ilə nəticələnəcəkdir. İstirahətlə yanaşı, burada xizəkçilər yetişəcək ki, onlar bu idman növü üzrə gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər. Biz bunu ancaq sosial şəbəkələrdə və televiziyalarda görmüşdük. Bir gün isə Naxçıvanda görməyi xəyal edirdik. Bu gün xəyallarımız gerçəkləşib”. Çimnaz Abbasova Naxçıvanda ilk xizək mərkəzinin yaradılmasına görə Ali Məclisin Sədrinə gənclər adından minnətdarlıq edib.
Mərkəzlə tanışlıq zamanı məlumat verilib ki, kənddə müasir tələblərə cavab verən məktəb binası, kənd və xidmət mərkəzləri, yeni yol, eləcə də Ağbulaq İstirahət Mərkəzi tikilərək istifadəyə verilib. 2018-ci ilin aprel ayından kənddə abadlıq işlərinə başlanılıb, evlər və yardımçı binalar, elektrik, rabitə və qaz təchizatı sistemi yenidən qurulub. Həmçinin Ağbulaq kəndində yaşıllaşdırma tədbirləri də görülüb, 15 hektar sahədə ting, 250 hektardan çox sahədə isə toxum əkilib. 2018-ci il iyulun 17-də isə Ağbulaq kəndində xizək mərkəzinin təməlatması keçirilib.
Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə tikinti işləri Fransanın “MND” şirkətinin layihəsi əsasında aparılıb. Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyr xətləri, 20 min kubmetr tutumu olan süni göl yaradılmış, 26 sabit, 3 hərəkətli süni qaryaratma sistemi, 1 motor stansiyası, uzunluğu 980 metr olan kanat quraşdırılmışdır ki, onun da başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq vardır ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir.
Ərazidə mərkəz üçün 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla, 3 kottec, 1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir. Mərkəzdə 25 yeni iş yeri yaradılıb.
Mərkəzdə muxtar respublika əhalisinin və turistlərin rahat istirahət etməsi üçün hər cür şərait yaradılıb. Bu da muxtar respublikada iqtisadi tərəqqinin, turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin təzahürüdür. Əgər bu günə qədər turistlər daha çox yaz və yay aylarında Naxçıvana gəlirdilərsə, artıq qış fəslini burada keçirmək onlar üçün maraqlı olacaq və Ağbulaqda kənd turizmi ilə yanaşı, qış turizmi də inkişaf edəcək, Ağbulaq Xizək Mərkəzi Naxçıvanın turizm brendinə çevriləcəkdir.
Mərkəzdə təlim keçən türk mütəxəssis Səlahaddin Sunqur deyib: “İki ildir ki, burada təlim keçirəm. İnsanlar xizək sürməyə çox böyük həvəs göstərirlər. Ümid edirəm ki, yaxın gələcəkdə burada yetişən xizəkçilər beynəlxalq yarışlarda iştirak edəcəklər”.
Sonra Ali Məclisin Sədri kanatla ərazini gəzib.
Səlahaddin Sunqur Ali Məclisin Sədrinə üzərində Ağbulaq Xizək Mərkəzi ilə Ərciyəz Xizək Mərkəzinin simvolu olan hədiyyə təqdim edib.