Azərbaycan əslli alim rektorluğa namizəd oldu

kerem karabulut

Türkiyə ilə Azərbaycan arasındakı sosial-iqtisadi əlaqələrə dair bir çox araşdırmalar aparan və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdıran Azərbaycan əslli alim Prof. Dr. Kerem Karabulut Iğdır Universiteti rektorluğuna namizəd olduğunu açıqlayıb.

“QİA.AZ”a açıqlamasında Kerem Karabulut bildirib ki, Türkiyənin Azərbaycanla sərhəd olan Iğdır bçlgəsində yerləşən universitetə rektor təyin olunarsa, iki qardaş ölkə arasında elm – təhsil, sosial – humanitar sahələrdə əməkdaşlığa böyük üstünlük verəcək: “Biz hər zaman Azərbaycana böyük sevgi ilə yanaşmışıq və ürəyimiz Azərbaycanla döyünüb. Başqa cür ola da bilməz. Çünki Azərbaycan bizim ana Vətənimizdir. Balaca olanda tutduğumuz radio dalğalarında Azərbaycan muğamını, musiqilərini dinləyəndə ürəyimiz riqqətə gəlirdi. Böyüdük və iqtisadiyyat sahəsində elmi nailiyyətlər əldə etdik, amma şairin dediyi kimi Azərbaycan, ürəyimizdə bir şah damar olmaqdan əsla uzaqlaşmadı. Uzun illər Türkiyənin müxtəlif universitetlərində dərs dedikdən sonra indi isə anadan olduğum Iğdırın yeganə elm və təhsil ocağı olan universitetimizin rektoru olmağa namizədliyimi vermişəm. Əgər rektor seçilərəmsə, Iğdır universitetinin elmi irəliləyişini reallaşdıracaq, universitetimizin Türkiyə ilə yanaşı, eyni zamanda Azərbaycandakı elm və təhsil müəssisələri ilə də sıx əlaqələri yaranacaq.”

Qeyd edək ki, əslən Azərbaycandan olan professor, Iğdırın Tuzluca rayonunda anadan olub. Orta təhsilini Tuzlucada tamamlayandan sonra Kerem Karabulut Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsindən məzun olub. 1994-cü ildə “Türkiyədə səhiyyə sektoru: Sağlamlıq xərcləri ilə bağlı araşdırma” adlı dissertasiyası ilə doktorluq işini müdafiə edən Kerem Karabulut 2006-cı ildə dosent, 2011-ci ildə professor oldu. Araşdırmaları əsasən qardaş ölkədə regionların iqtisadi inkişafı ilə bağlı olan elm adamının indiyə kimi 13 kitabı və 200-ə yaxın məqaləsi nəşr olunub. Bir çox elmi layihələrə imza atan Prof. Dr. Kerem Karabulut həm də müxtəlif QHT-lərdə üzvlük, sədrlik kimi vəzifələrdə çalışıb. Prof. Dr. Kerem Karabulut, 2012-2013 – cü illərdə Hindistanın Orissa əyalətinin paytaxtı Bhubanesvar’daki Kalinga Sənaye Texnologiyaları İnstitutunda (KIIT) da mühazirələr oxuyub.

İngilis dilində mükəmməl danışan Kerem Karabulut evlidir və iki övladı var.

Oxşar Xəbərlər