Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş flaşmob keçirilib – FOTO – VİDEO

xocalı

Ölkənin hər yerində olduğu kimi İsmayıllı rayonunda da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbirlər həyata keçirilir.

İsmayıllı Rayon İcra Hakimiyyətindən “QİA.AZ”a verilən məlumata görə, 24 fevral 2021-ci il tarixdə Xocalı faciəsinin ildönümünə həsr olunmuş flaşmob təşkil olunub. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, İsmayıllı Karyera və İnkişaf Mərkəzinin gənc könüllülərinin iştirakı ilə şəhərin mərkəzi meydanında təşkil edilən flaşmobda erməni cəlladları tərəfindən törədilən əsrin faciəsi olan Xocalı soyqırımının dəhşətləri, insanlığa qarşı işlənmiş ağır cinayətlər, qarlı-şaxtalı havada dinc əhaliyə erməni vəhşilərinin divan tutması kimi səhnələr öz əksini tapıb.

Flaşmobun ardınca İsmayıllı Karyera və İnkişaf Mərkəzində rayonun aktiv gənclərinin iştirakı ilə keçirilən tədbirdə Xocalı Şəhidlərinin və Xalqımıza zəfər tarixini yaşadan bütün şəhidlərimizin əziz xatirəsi yad edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın igid oğulları tərəfindən 44 günlük vətən müharibəsində Şəhidlərimizin qisası alınıb. Tezliklə Xocalı sakinləri öz doğma şəhərlərinə qayıdacaqlar orada şəhidlərimizin müqəddəs ruhuna dualar oxunacaq onların xatirəsi əbədiləşdiriləcəkdir.

Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin müvafiq tapşırığına əsasən pandemiya qaydaları gözlənilməklə rayonun bütün idarə və təşkilatlarında Xocalı faciəsinin ildönümünə həsr olunmuş silsilə tədbirlər ardıcıl olaraq həyata keçirilir

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər