Prokurorluq kütləvi informasiya vasitələrində yayılan daha bir müraciət üzrə cinayət işi başlayıb.
Bu barədə “QİA.AZ”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildiirlib ki, bəzi kütləvi informasiya vasitələrində vətəndaş Mehtiyev Qabil Şahpələng oğlunun Vahid Əhmədov və oğlu Rəşad Əhmədov tərəfindən 55 min manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti dərc edilib.
Qeyd edilən müraciət üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılmaqla Vahid Əhmədovun oğlu Rəşad Əhmədovla birlikdə bir qrup şəxs halında Qabil Mehtiyevin etibarından sui-istifadə edib, aldadaraq qardaşı Ramil Mehdiyevin həbsdən buraxılmasını həll edəcəklərini vəd edərək 2018-ci ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 55 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.
Hazırda cinayət törədən şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.