Təmraz Tağıyev: “Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub”

Təmraz Tağıyev

“Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası (YAP) xalqımızın və ölkəmizin həyatına fundamental dəyişikliklər gətirməklə yanaşı, eyni zamanda, siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçib. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin aparıcı qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək”.

Bu fikirləri “QİA.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib.

Təmraz Tağıyev bildirib ki, Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. Onun sözlərinə görə, YAP-ın VII Qurultayında cənab İlham Əliyev proqram xarakterli nitq söyləyib. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün siyasi islahatlar mütləq həyata keçirilməli və bunun üçün partiyalararası geniş dialoq aparılmalıdır. 6 siyasi partiyanın YAP-a birləşməsini də ölkədə siyasi sistemin və siyasi münasibətlərin inkişafının ifadəsi kimi dəyərləndirmək olar. Bütövlükdə, Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub.

“Bu günlərdə 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşmək üçün müraciət etməsi və bu müraciətlərin partiyanın VII Qurultayında qəbul edilməsi daxili siyasi mühitin dövlət başçısının atdığı addımları yüksək formada dəstəkləməsinin, ölkədəki siyasi dialoqun münbit inkişafının bariz nümunəsidir. Partiya sıralarının genişlənməsi, bəzi siyasi partiyaların YAP-a birləşmək istəyi xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının gücünü artıran amillərdən biridir. Bununla da Yeni Azərbaycan Partiyası ölkədə milli həmrəyliyin yeni inkişaf mərhələsinin əsasını qoyub”, – deyə təşkilat sədri söyləyib.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər