COVID-19 pandemiyası bütün dünyada insanlar üçün ciddi çətinliklər yaratmaqda davam edir. Artıq bu təhlükəli virusa yoluxanların ümumi sayı 117 milyona çatıb. Pandemiya ərzində koronavirusdan ölənlərin sayı isə 2,5 milyonu ötüb.
Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, hər dəfə karantin rejimi yumşaldıldıqdan sonra yoluxma sayında artımlar müşahidə edilir.Bunun da bir səbəbi insanlar arasında arxayınlaşmanın yaranmasıdır.
QİA.AZ xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Qeyd edək ki, sosial məsafənin qorunmaması, tibbi maskadan düzgün istifadə edilməməsi, gigiyenik qaydalara əməl olunmaması gündəlik statistikada artıma, bu isə öz növbəsində vəziyyətin kritik həddə çatmasına rəvac verir.
Bu səbəbdən xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində addımlar atılır.
Azərbaycan dövləti də ilk gündən öz vətəndaşlarının sağlamlığının qorunması üçün lazımi tədbirləri həyata keçirir. Pandemiyanın ilk zamanlarından etibarən vəziyyətin nəzarətdə saxlanılması, görülən kompleks tədbirlər, mərhələli şəkildə həyata keçirilən sərtləşdirilmə və ya yumşaldılma tədbirləri müsbət nəticəsini verdi. Azərbaycanda artıq iki aya yaxındır ki, vaksinasiya prosesi bütün rayonlarda mərhələli şəkildə davam edir. Təəssüf ki, son günlər ölkəmizdə COVID-19-a yoluxma sayında artım müşahidə edilməyə başlayıb. Yanvar ayından karantin rejiminin yumşaldılmasından sonra ictimai aktivlik və insanlar arasında ünsiyyətin artması koronavirusa yoluxma hallarında yenidən müəyyən artıma səbəb olub. Belə ki, fevralın əvvəllərində gündəlik yoluxma ikirəqəmli saya keçsə də, son günlər yoluxanların sayının 500 nəfəri ötdüyünün də şahidi olmuşuq. Yoluxma sayı yüksəldikcə isə tibb sisteminin üzərinə düşən yük də artır, həkimlər xəstələrə lazımi qulluq edə bilmirlər.
Bildiyimiz kimi, karantin rejiminin sərtləşdirilməsinin müsbət tərəfləri ilə yanaşı, problemləri də var. İnsanlar həm psixoloji gərginlik keçirir, həm də bu, iqtisadiyyatın inkişafına mənfi təsir göstərir. İnsanlarda narahatlıq doğuran səbəblərdən biri də qarşıdan Novruz bayramının gəlməsidir. Məlumdur ki, Novruz Azərbaycan xalqının ən qədim, ən gözəl bayramlarındandır. Bayram günlərində bir-birinin evinə qonaq getmək, birlikdə mərasimlər keçirmək xalqımızın qədim adət-ənənələrindəndir. Ancaq COVID-19 bəlasının meydanı genişləndirə bilməməsi üçün bu ilin Novruz bayramı tədbirlərində əhalinin ehtiyatlı davranması, ayıq-sayıqlığı vacibdir. Unutmamalıyıq ki, koronavirus bizim yaşadığımız dünyanı və ölkəni tərk etməyib, hələ ki, həyatımızı təhdid etməkdə davam edir. Əgər bayramdan sonra sərt karantin dövrünü yaşamaq istəmiriksə, bu günlərdə əks-epidemik tədbirlərə riayət etməliyik.
Qaydalara əməl etməsək, bayramdan sonra çox güman ki, yoluxma daha da artacaq. Bu da məhdudiyyətləri yenidən labüd edəcək. Ona görə də əvvəlcədən baş verəcəkləri anlamalı və təhlükənin qapıda olduğunu unutmamalıyıq.