“Əminəm ki, Ronaldu həddindən artıq motivasiyalıdır. Amma bu, təkcə az və ya çox qol vurduğu üçün deyil”.
QİA.AZ-ın məlumatına görə, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş yığmanın kapitanı Kriştianu Ronaldunun 770-ci qolunu vuraraq Braziliya futbolunun canlı əfsanəsi Pelenin rekordunu qırması barədə danışarkən deyib.
67 yaşlı mütəxəssis bildirib ki, 36 yaşlı forvard ölkəsini təmsil edərkən şəxsi hədəflərini düşünmür: “Burada onun daha böyük məqsədi var. Ronaldu dünya çempionatında iştirak etmək və mundialın qalibi olmaq istəyir. Bu, onun qarşısında duran əsas vəzifədir”.
Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsində ilk oyununu martın 24-də Azərbaycana qarşı keçirəcək. İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Bu matçdan 3 gün sonra Belqradda Serbiya ilə üz-üzə gələcək pireneylilər martın 30-da isə Lüksemburqun qonağı olacaq.