Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan üzrə direktorunun müavini Samuel Heldi qəbul edib.
Ombudsman Aparatının Mətbuat Xidmətindən “QİA.AZ”a bildirilib ki, görüş zamanı Ombudsman qonağa insan hüquqlarının müxtəlif sahələri üzrə fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Qeyd olunub ki, müasir dövrün tələblərinə uyğun olaraq Ombudsman təsisatı şikayət və ərizələrin qəbulu və ictmaiyyətin məlumatlandırılması prosesində informasiya texnologiyaları vasitələrindən istifadəyə üstünlük verir.
Təsisatda yeni yaradılan Çağrı Mərkəzinin fəaliyyətinə toxunan Ombudsman həmin mərkəz tərəfindən həftənin hər günü 24 saat vətəndaşların müraciətlərinin qəbulunun həyata keçirildiyini qeyd edib. Müraciətlərin həmçinin e-mail, poçt, faks və sosial şəbəkələr vasitəsilə də qəbul olunduğu diqqətə çatdırılıb.
S. Əliyeva Ombudsman təsisatının beynəlxalq təşkilatlar ilə əməkdaşlığı haqqında danışaraq qeyd edib ki, bu fəaliyyət çərçivəsində qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı və ayrı-seçkiliklə mübarizə sahəsində yeni təcrübələrin öyrənilməsi istiqamətində də işlər davam etdirilir.
Görüşdə müvafiq istiqamətlər üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qonaq səmimi qəbula görə Ombudsmana öz təşəkkürünü bildirib.