Malayziya hökuməti istənilən dövlət seçkilərində səsvermə zamanı vətəndaşların yaş senzinin endirilməsini təxirə salıb.
QİA.AZ “The Straits Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə Malayziya Seçki Komissiyasının sədri Abdul Qani Salleh məlumat verib.
Onun sözlərini sitat gətirən qəzet yazır ki, seçkilərdə səsvermə ilə əlaqədar yaş senzinin 21-dən 18-ə endirilməsi, cari ildə koronavirus pandemiyasına görə mümkün olmayacaq.
Qeyd edək ki, 2018-ci ildə Malayziyada son dəfə ümumi parlament seçkiləri keçirilib. Həmin seçkilərdə 14,9 milyon seçici səs verib. 2019-cu ildə qanunvericiliyə edilən düzəlişlər nəticəsində seçicilərin sayı 30 faiz artıb.
Xatırladaq ki, ötən ilin əvvəllərində Malayziyada baş verən siyasi böhran nəticəsində həmin vaxt Baş nazir olan Mahathir Məhəmməd istefa verib. Bununla yanaşı o, “Ümid İttifaqı” partiyasının lideri vəzifəsini də tərk edib. Həmin vaxt Malayziya Kralı Konstitusiya hüququndan istifadə edərək Muhiddin Yassini yeni Baş nazir təyin edib. Ötən ilin sentyabrında “Ümid İttifaqı” Partiyasının sədri seçilən Ənvər İbrahim parlamentdə üstünlüyə malik olduğunu bəyan edərək vaxtından əvvəl yeni seçkilərin keçirilməsini tələb edib.
İlkin olaraq, Baş nazir Muhiddin Yassin 2021-ci ildə yeni seçkilər keçiriləcəyini vəd etsə də, Malayziya Kralının ölkədə fövqəladə vəziyyət elan etməsi ilə əlaqədar parlamentin fəaliyyəti dayandırılıb və seçkilərin təşkili qadağan edilib.