Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir, gündəlikdə Qarabağ da var

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.

QİA.AZ  “TRT Haber”ə istinadən xəbər verir ki, Prezident Administrasiyasında baş tutan toplantıda Egey dənizi, Şərqi Aralıq dənizi və Kiprdəki proseslər, həmçinin Türkiyə Ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti və terrorla mübarizə başda olmaqla strateji məsələlər müzakirə olunur.

Qarabağda atəşkəsə nəzarət etmək üçün yanvarın 30-da işə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin qiymətləndirilməsi də iclasın gündəliyində olan məsələlərdən biridir.

Bundan başqa, iclasda Suriyada son dövrlərdə baş verən proseslərlə yanaşı, Liviyadakı vəziyyət barədə də fikir mübadiləsi aparılır.

Türkiyə və Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizindəki problemləri müzakirə etmək üçün yenidən başladılan məşvərət danışıqlarında gəlinən mərhələnin qiymətləndirildiyi iclasda Türkiyə və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Şərqi Aralıq dənizində beynəlxalq hüquqdan qaynaqlanan haqlarının müdafiəsi istiqamətində atdıqları addımlar da müzakirə olunur.

Toplantıda həmçinin PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD başda olmaqla terror təşkilatlarına qarşı aparılan əməliyyatlar, digər regional və milli təhlükəsizlik məsələləri müzakirə edilir.

Oxşar Xəbərlər