Bakıda intihara cəhdin qarşısı alınıb

30 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada intihara cəhdlə bağlı məlumat daxil olub. Dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

QİA.AZ-ın məlumatına görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli binanın 5-ci mərtəbəsindəki yaşadığı mənzilin eyvanına çıxaraq intihar niyyətini nümayiş etdirir.

Xilasedicilər əməliyyat şəraitini qiymətləndirməklə hadisə ilə bağlı zəruri və operativ məlumatlar toplayaraq, intihara cəhd edən vətəndaşla psixoloji söhbət taktikasını müəyyən edib onunla müvafiq söhbətlər aparıblar. Bu zaman, paralel olaraq, təhlükəsizlik məqsədilə eyvanın altında – binanın həyətində təhlükəsizlik yastığı da quraşdırılıb.

Aparılan psixoloji söhbətin nəticəsi olaraq vətəndaş intihar niyyətindən daşınıb və onun bağlı saxladığı mənzilin qapısının xilasedicilər tərəfindən xüsusi vasitələrlə açılması təmin edilərək vətəndaş xilas olunub.

Oxşar Xəbərlər