Ermənipərəst lobbiçi kimi tanınan Avropa Parlamentinin keçmiş üzvü Frank Engel korrupsiya qalmaqalının qızğın anında Xristian Sosial Xalq Partiyasının Milli Komitəsinin sədri vəzifəsindən istefa verib.
QİA.AZ Lüksemburq KİV-lərinə istinadən xəbər verir ki, istefa F.Engelin özünün partiya yoldaşlarının onun 2019-cu ildə “ASBL CSV-Frëndeskrees” qeyri-kommersiya birliyi ilə saxtakarlıqla müqavilə bağlamaqda ittiham edərək prokurorluğa məlumat vermələrindən sonra baş verib.
Qeyd edək ki, 2014-cü ildə F.Engel Avropa Parlamentində Dağlıq Qarabağdakı separatçı rejimlə qeyri-rəsmi olaraq yaradılan dostluq qrupuna rəhbərlik edib.
Ermənipərəst lobbiçinin 2017-ci ilin yayında erməni Tatev Manukyanla ailə qurduqdan sonra, bal ayını orada keçirməsi də daxil olmaqla əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına dəfələrlə qanunsuz səfərlər etdiyi məlumdur. O, daha sonra soyadına hətta “erməni” sonlu “yan” da əlavə edib.
F.Engel Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş müraciətləri və əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qanunsuz separatçı rejimin təbliğatı ilə də yaxşı tanınır.