Türkdilli dövlətlər arasında gömrük sahəsində əməkdaşlıq uğurla davam etdirilir

Aprelin 5-də Dövlət Gömrük Komitəsində Türk Dünyası Əməkdaşlıq Şurasının (TDƏŞ) təşkilatçılığı ilə Türkiyə və Özbəkistan respublikalarının nümayəndə heyətləri ilə görüş keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən QİA.AZ-a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti strukturlarının rəhbərləri, TDƏŞ Baş Katibinin müavinləri Qismət Gözəlov, Mirvohid Azimov, Özbəkistan Nəqliyyat nazirinin müavini Abdusamat Muminov, bu ölkənin gömrük və nəqliyyat qurumlarının nümayəndələri, Türkiyə Beynəlxalq Daşıyıcılar Assosiasiyasının direktorlar heyətinin rəhbəri Alper Özel iştirak ediblər.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov TDƏŞ çərçivəsində əməkdaşlıqdan məmnunluqla bəhs edib və bu əməkdaşlığın gömrük sahəsində də uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ölkəmizin tranzit potensialının artırılması istiqamətində mühüm addımların atıldığını vurğulayan Komitə sədrinin müavini bu məqsədlə təcrübə və elektron məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyindən bəhs edib.

Cavad Qasımov bir sıra ölkələrlə sözügedən sahədə razılaşmaların əldə olunduğunu və bunun da gömrük risklərinin səmərəli şəkildə idarə olunması ilə yanaşı, gömrük prosedurlarının sadələşdirilməsinə, sərhədkeçmə proseslərinin sürələndirilməsinə münbit şərait yaratdığını bildirib. O da qeyd olunub ki, beynəlxalq ticarətin inişafı, tranzit imkanlarının daha da genişləndirilməsi məqsədilə Azərbaycan irimiqyaslı layihələr həyata keçirir və türkdilli dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi bu sahəyə mühüm töhfə verəcək.

Daha sonra TDƏŞ Baş Katibinin müavinləri Qismət Gözəlov, Mirvohid Azimov, Özbəkistan Nəqliyyat nazirinin müavini Abdusamat Muminov və digər şəxslər çıxış edərək türkdilli dövlətlər arasında gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi, tranzit daşımalarının artırılması, məlumat mübadiləsinin gücləndirilməsi ilə bağlı fikirlərini bildirib, Azərbaycan gömrüyünün rəqəmsallaşma, informasiya texnologiyalarının və “bir pəncərə” prinsipinin tətbiqi istiqamətindəki təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıblar. 

Oxşar Xəbərlər