Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida zəncirində risk analizləri üzrə peşəkar konsultasiya xidməti təklif edir.
İnstitutdan “QİA.az”a verilən məlumata görə, xidmət özündə sahibkarlıq subyektində qida təhlükəsizliyi ilə bağlı təhlükə və məqbul səviyyələrin müəyyənləşdirilməsi, təhlükənin qiymətləndirilməsi, idarəetmə tədbirlərinin seçilməsi və təsnifatı mərhələlərini əhatə edir.
Xidmət çərçivəsində müəssisənin insan sağlamlığı və qida təhlükəsizliyi baxımından risk qiymətləndirilməsi həyata keçirilir, həmçinin müəssisənin yerləşdiyi ətraf mühit, istehsal fəaliyyətləri və digər dəstək fəaliyyətləri nəzərdən keçirilir. Eyni zamanda xidmətdən istifadə edən sahibkarlıq subyekti üçün təyin olunmuş risklərə nəzarətlə bağlı müvafiq tədbirlər müəyyənləşdirilir, təyin olunan risklər və tətbiq olunan yeniliklər barədə zəruri məlumatlar təqdim olunur. Qeyd edək ki, qida zəncirində risk analizləri üzrə peşəkar konsultasiya xidməti ISO 22000:2018 standartına əsasən aparılır.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qida zəncirində risk analizləri üzrə peşəkar konsultasiya xidmətindən istifadə etmək üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutun (012) 377-00-20 (daxili 553) nömrəli əlaqə vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ