Tarixdə bu gün – 14 aprel

 Amerika Vətəndaş Müharibəsinin bitməsindən 5 gün sonra – 1865-ci ilin 14 aprelində ABŞ prezidenti Abraham Linkoln Cənubi Amerikanın teatr aktyoru Con Uilks Bus (John Wilkes Booth) tərəfindən başından silahla vuruldu. A.Linkoln bir gün sonra həyatdan köçdü.

***

  1912-ci il aprelin 14-dən 15-nə keçən gecə – saat 23.40-dan başlayaraq dövrün ən iri gəmisi olan “Titanik” (Titanic) batıb.

  “Titanik”in reklamlarında belə yazılmışdı: “Bu gəmini heç cür batırmaq mümkün deyil”. Lakin onun qarşılaşdığı nəhəng buz parçası (aysberq) bu iddianın yanlışlarını ortaya çıxardı: toqquşmadan 5 dəqiqə sonra gəmi batmağa başladı. Qəzada 2224 sərnişindən 1513-ü həlak oldu.  

***

  1919-cu il aprelin 14-də Azərbaycan Demokratik Respublikasının parlamenti, Nəsibbəy Yusifbəyli başda olmaqla, 4-cü hökumət kabinetini təsdiq edib.                                                     ***

  1919-cu il 14 apreldə Hindistanın Amritsar şəhərində nümayişləri yatırtmaq üçün ingilis əsgərləri etirazçılara atəş açdı. Silahlı qarşıdurma zamanı 379 adam öldü, təxminən 1200 nəfər yaralandı.

***

  Türkiyə güləşçisi Yaşar Doğu 14 aprel 1947-ci ildə Avropa çempionu oldu, ölkənin milli güləş komandası isə üçüncü yeri qazandı.

***

  14 aprel 1987-ci ildə Türkiyənin Avropa İqtisadi Təşkilatına tam üzvlük üçün müraciət məktubu dövrün dövlət naziri Əli Bozer tərəfindən təşkilatın sədri Leo Tindemansa təqdim edildi.

***

14 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Niderland mexaniki və fiziki, işığın dalğa nəzəriyyəsinin müəllifi Xristian Hügens (Christian Huygens) 1629-cu ilin bu günü dünyaya gəlib.

  X.Hügens London Kral Cəmiyyətinə üzv seçilən ilk əcnəbi alimdir.

  Riyaziyyatda çevrə, ellips, hiperbola qövslərinin uzunluğunu təyin etməsi, eləcə də loqarifmik xətkeşə dair tədqiqatlar aparması ilə məşhur olan Xristian Hügens həm də termometrin sabit nöqtələrini, yəni buzun ərimə, suyun qaynama dərəcələrini müəyyənləşdirib. (1629-1695)

***

  Opera, oratoriya, kantata, duet kimi vokal əsərləri ilə tanınan, alman klassik qərb musiqisi bəstəkarı Qeorq Fridrix Hendel (Georg Friedrich Handel) 1759-cu ilin 14 aprelində dünyasını dəyişib. (1655-1759)

***

  Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və dramaturqu Nəriman Nərimanov 1870-ci ilin 14 aprelində dünyaya gəlib. Qori seminariyasını bitirdikdən sonra (1890) Tiflisdə qalıb, müəllim işləyib.

  38 yaşında (1908) Odessa universitetinin tibb fakültəsini bitirən Nəriman orada inqilabi fəaliyyətinə görə Həştərxana sürgün olunub.

  Rusiya Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradandan sonra – 1920-ci ilin aprelində Nərimanov Azərbaycan Xalq Komissarları Sovetinin sədri seçilib. Çalışdığı müddət boyu Dağlıq Qarabağın rəsmi Moskva tərəfindən Ermənistana verilməsinin qarşısını alıb. 

  Nəriman Nərimanovun “Nadanlıq”, “Şamdan bəy”, “Nadir şah” pyesləri, “Bahadır və Sona” povesti, “Pir” hekayəsi Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələri sırasındadır. (1870-1925)

***

  Bütün dünyada məşhur olan “Cücələrim” mahnısının müəllifi, Azərbaycanın tanınmış şairi Tofiq Mütəllibov 1929-cu ilin bu günü dünyaya gəlib.

  Dövlət televiziya və radio verilişləri komitəsində, “Pioner” jurnalında və “Azərbaycan gəncləri” qəzetində məsul vəzifələrdə çalışan, 20-dək kitabın müəllifi olan Tofiq Mütəllibovun 150-dən artıq şeirinə mahnı bəstələnib ki, bunlardan biri məşhur “Cücələrim” mahnısıdır. (1929-1992)

***

  Azərbaycan telejurnalisti Alı Mustafayev 1952-ci ilin bu günü Qazaxda anadan olub.

  Dolğun məzmunlu reportaj, oçerk, müsahibə və təsirli proqramları ilə tanınan telejurnalist Dağlıq Qarabağda qanlı döyüşlər getdiyi vaxt cəbhənin qaynar nöqtələrindən operativ verilişlər hazırlayıb.

  Alı Mustafayev 1991-ci il noyabrın 20-də Qarabağda Qarakənd yaxınlığında vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində 39 yaşında həlak olub. (1952-1991)

***

  1986-cı ilin 14 aprelində roman, fəlsəfə, siyasət, sosial təcrübələr, avtobioqrafik əsərlər müəllifi, jurnalist Simona de Bovuar (Simone de Beauvoir) vəfat edib. (1908-1986)

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər