Mərkəzi Klinikaya digər xəstəxanada doğulmuş 23-24 həftə hestasiya yaşında, 600 qram çəki ilə, həyatının ilk sutkasında çox ağır vəziyyətdə olan körpə təxliyə olunub. Daxil olarkən ümumi vəziyyəti ağır olan, ekstremal az çəkili, respirator disstres sindromlu, erkən neonatal sepsis diaqnozu qoyulmuş körpənin Neonatal reanimasiyada süni tənəffüs cihazında müşahidəsinə başlanılıb. Müayinə zamanı geniş PDA (Patent Doctus Arteriosus) aşkarlanıb.
Mərkəzi Klinikadan QİA.AZ-a bildirilib ki, baş həkim, ürək-damar cərrahı, professor Kamran Musayev və klinikanın digər həkimləri tərəfindən Azərbaycanda ilk dəfə küvez içində 600 qram körpədə yataqbaşında PDA ləğvi əməliyyatı uğurla icra olunub.
Beləliklə, körpə suni tənəffüs cihazından ayrılıb. Vaxtından əvvəl doğulmanın yaratdığı qida intoleransı, metabolik, tənəffüs pozuntusu kimi problemlər aradan qaldırılıb.
Uşaqda ROP müayinəsi aparılılıb, aşkarlanan problemlər vaxtında korreksiya olunub, hazırda körpənin görməsində heç bir problem yoxdur.
Körpə artıq 1780 qram çəkidədir və sağ-salamat evinə yola salınıb.
Qeyd edək ki, körpənin sağlamlığına qovuşmasında Ürək-damar cərrahiyə şöbəsi, başda professor Kamran Musayev olmaqla, Pediatriya şöbəsinin müdiri, neonatoloq, t.ü.f.d Sevda Əsədovanın, Pediatriya şöbəsinin professional həkim və tibb bacılarından ibarət olan Neonatologiya reanimasiya və intensiv terapiya bölməsinin, eləcə də Əməliyyatxana və anesteziologiya şöbəsinin müdiri, t.ü.f.d Asəf Məmmədovun böyük əməyi olub.