Meksikanın aparıcı KIV-lərindən olan “El Economista” qəzetində səfir Məmməd Talıbovla müsahibə əsasında erməni təcavüzü, 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızda Azərbaycanın tarixi-mədəni irsini məhv etmə cəhdləri, regionda münaqişə sonrası durum və Azərbaycanın iqtisadi-sosial inkişafı haqda yazı dərc olunub.
Bu barədə “QİA.az”a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.
Yazıda Ermənistanın Azərbaycana qarşı Sovet İttifaqı illərində başlayan ərazi iddialarının müstəqillik dövründə ölkəmizin beynəlxalq qaydada tanınmış ərazilərinin işğalına gətirib çıxardığı, işğal edilmiş ərazilərdə və Ermənistanda yaşayan yüz minlərlə soydaşımızın etnik təmizləməyə məruz qaldığı və 44 günlük müharibə zamanı azad etdiyimiz torpaqlarda xalqımıza aid tarixi-mədəni irsin 30 ilə yaxın müddətdə tamamilə məhvinə cəhd edildiyi qeyd olunur.
Son dövrlərə qədər Azərbaycanın iqtisadi yüksəlişinin əsasən karbohidrogen ehtiyatlarının ixracına söykəndiyi deyilir, ancaq Prezident İlham Əliyevin sözlərinə istinadən dünyada “neft erasının başa çatdığı” və ölkədə “qara qızılın insan qızılına çevrilməsi” prosesinin uğurla həyata keçirildiyi söylənilir.
Azərbaycanın eyni zamanda, çoxmədəniyyətlilik ənənələri ilə də tanınan bir ölkə olduğu, bu xüsusda Roma papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığı vurğulanır.
Sonda Meksika ilə ikitərəfli əlaqələrə toxunulur, hər iki ölkədə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin fəaliyyət göstərdiyi qeyd edilir və səfir M.Talıbovun sözlərinə istinadən münaqişə məsələsində Meksikanın daim beynəlxalq hüquq mövqeyindən çıxış etməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi deyilir.