1915-ci ilin bu günü Bakıda “Babayi-Əmir” həftəlik satirik jurnalın ilk nömrəsi çapdan çıxdı.

  Cəmi 65 nömrəsi işıq üzü görən jurnalda dövrün ədiblərindən Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliağa Vahid və başqa ziyalılar çıxış edirdilər.

***

  21 aprel 1920-ci ildə Türkiyə Cumhuriyyəti Təmsil Heyətinin (Nümayəndələr Komitəsi) sədri Mustafa Kamal Paşa Türkiyə Böyük Millət Məclisinin 23 apreldə Ankarada toplanacağını bildirən bəyanat yaydı.

***

  1944-cü ilin 21 aprel tarixində Fransada qadınlara səsvermə hüququ verildi.

***

  21 aprel 1967-ci ildə Yunanıstanda hərbi çevriliş oldu. Georgi Papadopulosun (George Papadopoulos) rəhbərliyi altındakı “polkovniklər dəstəsi” (Colonels Junta) hakimiyyəti devirdi və bununla da ölkədə 7 il sürəcək hərbi rejim başladı.

  Yeni hakimiyyət də Türkiyənin Qıbrız Sülh Hərəkatına mane ola bilməyincə xalqın dəstəyini itirdi və ömrü sona çatdı. Çevriliş başçıları 1 ildən sonra məhkəmə tərəfindən edam cəzasına məhkum edildilər, ancaq öldürülməyərək ömürlük həbsdə qaldılar.  

***

21 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  18-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Molla Vəli Vidadi 1709-cu ilin bu günü dünyaya gəlib.  

  Qoşmaları, gəraylıları dillər əzbəri olan Vidadi özündən sonrakı realist poeziyanın inkişafına güclü təsir göstərib.

  100 il ömür sürən Vidadinin əsərlərinin yalnız müəyyən qismi dövrümüzə qədər gəlib-çatıb. (1709-1809)

***

  21 aprel məşhur Azərbaycan sahibkarı, neft səneyiçisi və ictimai xadimi Şəmsi Əsədullayevin xatirə günüdür.

  1874-cü ildə Şəmsi doğulduğu Bakı şəhərində neftçıxarma və emal kiçik müəssisəsini açıb, sonralar həmin kontoru nəhəng şirkətə çevirib.

  Bakıda bir neçə neftayırma zavodu, mexaniki emalatxanası, Suraxanı, Sabunçu və Ramanada 37 buruğu, Xəzər dənizində neft və neft məhsulları daşıyan gəmiləri olan Əsədullayev xeyriyyəçilik də göstərib, “Nəşri-maarif” cəmiyyətinin fəal üzvü olub.

  1903-cü ildə Bakı milyonçusu Moskvaya köçüb, Sankt-Peterburq və Moskvanın bir neçə yerində mülk tikdirib, yoxsul uşaqlar üçün məktəb açdırıb.

  Şəmsi Əsədullayev Nijni-Novqorodda keçirilən I Ümumrusiya Müsəlmanları Qurultayında iştirak edib.

  O, 1913-cü ilin bu günü Bakıda 72 yaşında dünyasını dəyişib. (1841-1913)

***

  “Yorğun döyüşçü” və “Dövlət ana” romanları ilə Türkiyə ədəbiyyatına adını yazdıran yazıçı Kemal Tahir 1973-cü ilin 21 aprelində 63 yaşında həyatla vidalaşıb. (1910-1973) 

QİA.az

Oxşar Xəbərlər