“Müasir incəsənətin Azərbaycanda ifadə formaları” mövzusunda vebinar keçirilib

Aprelin 15-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərindən beşincisi keçirilib.

Bu barədə “QİA.az”a Turizm Agentliyindən məlumat verilib.

Nyu-York İncəsənət və Dizayn Muzeyinin Fəxri sədri Barbara Toberin dəstəyi ilə təşkil olunan vebinar “Liberallıq və transformasiya: Müasir incəsənətin Azərbaycanda ifadə formaları” mövzusuna həsr olunub.

Tədbirdə “Azərbaycan Müasir İncəsənəti” kitabının müəllifi Lesli Qrey və qalerist-kurator Əfsanə Tahirova spiker qismində iştirak edib.

Təqdimata Sovet hakimiyyəti üçün səciyyəvi olan rəssamlıq nümunələrindən başlayan Ə. Tahirova o dövrdə fəaliyyət göstərmiş Tahir Salahov, Mikayıl Abdullayev, Əşrəf Murad, Mircavad və Tofiq Cavadov qardaşları, Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov kimi görkəmli sənətkarların adlarını çəkib və onların SSRİ tərəfindən sosialist realizm cərəyanı çərçivəsində göstərilən təzyiqə birbaşa və ya dolayı yolla öz etirazlarını əks etdirdikləri əsərləri haqqında məlumat verib.

Vebinarın sonunda müxtəlif sualları cavablandıran spikerlər Azərbaycanda müasir incəsənət nümunələrini formalaşdıran amillər arasında antropoloji təsirlərin xüsusi yer tutduğunu, eləcə də gənc sənətkarların öz əsərlərində milli-mənəvi dəyərlərlə yanaşı daha ümumbəşəri hadisələrə yer verərək özlərini ifadə etdiklərini bildiriblər.

Qeyd edək ki, 15 aprel UNESKO tərəfindən Dünya İncəsənət Günü kimi qeyd edilir.

Oxşar Xəbərlər