“Əziz sərhədçilər, bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açılır. Bu açılışda mən iştirak edirəm və bu, bir daha Sərhəd Xidmətinin işinə verdiyimiz diqqətin təzahürüdür”.
“QİA.az” xəbər verir ki, bunu aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşdə deyib.
“Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa edilib, işğal altında olmuş 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca – həm Azərbaycan-İran, həm Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır.
Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Eyni zamanda, ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir.
Buraya yaxın məsafədə yerləşən Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir”, – dövlət başçısı bildirib.