Hazırlıq kurslarında iştirak etmək istəyənlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində 13 oktyabr 2021-ci il tarixindən kimya, fizika, biologiya, coğrafiya, tarix, ingilis dili və rus dili fənləri üzrə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətə başlayacaq. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər də iştirak edə bilərlər. 

DİM-in Mətbuat Xidmətindən “QİA.az”a verilən məlumata görə, qeydiyyat 27 aprel 2021-ci il tarixindən 10 oktyabr 2021-ci il saat 23:59-dək aparılacaq. 

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (kabineti olmayanlar). Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır. 

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb olunaсaq.

Qeyd:

Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənəd və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91 (daxili nömrə: 1-32)). Regional Bölmələrin ünvanları və əlaqə vasitələri ilə buradan tanış ola bilərsiniz.

Hazırlıq kurslarının keçiriləcəyi ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı.

Oxşar Xəbərlər