Azərbaycanda ağac və kolları sığortalamaq mümkün olacaq

Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində meyvə bağlarında məhsullarla yanaşı, meyvə ağaclarını və kolların özünü ayrıca da sığortalamaq mümkündür.

Bu barədə QİA.AZ-a Aqrar Sığorta Fondundan məlumat verilib.

Bildirilir ki, bu iki anlayışın bir-birindən fərqi ondan ibarətdir ki, bağın sığortası zamanı həmin il toplanacaq məhsulun məhv olmasına təminat verilir.

Ağacın ayrıca olaraq sığortalanması isə sahibkarı ağacın məhv olmasından qoruyur. Belə ki, ağac məhv olarsa, nəinki həmin il, ümumiyyətlə heç vaxt məhsul verməyəcək və bu zaman fermer uzunmüddətli zərərlə üzləşəcək.

Bu risklərin qarşılamaq üçün aqrar sığorta mexanizmdə ağac (kol) təminatı nəzərdə tutulub.

Fermerlər və meyvə bağlarının sahibləri bağdakı məhsullarda yanaşı, əlavə olaraq ağacları da sığortalaya bilərlər.

Hadisə baş verən zaman fermerə ağacın 3 illik məhsulunun qiyməti həcmində ödəniş verilir.

Ağac və kolların sığortası olduqca kiçik məbləğə başa gəlir və sərfəli sığorta növüdür.

Aqrar sığorta qaydalarına görə, ağac və kolların sığortalanması üçün iki zərf nəzərdə tutulub.

Birinci zərfə – dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; üçüncü şəxslərin hərəkətləri kimi risklər aiddir. Birinci zərfdə sığorta tarifi 0,5% təşkil edir.

İkinci zərfə – bitki xəstəlikləri və zərərvericilər, xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri aiddir. İkinci zərfdə sığorta tarifi 2% təşkil edir.

Ağac və kolların sığortalanması zamanı sığorta məbləği hesablananda ağacın məhsuldarlığı (kiloqramla) və məhsulun qiyməti nəzərə alınır.

1 ədəd fındıq ağacının sığortası

Fındıq ağacı ildə 10 kilqoqram məhsul verərsə və 1 kq fındığın qiyməti 3 manat olarsa, ağacın illik məhsulunun qiyməti 30 manat, 3 illik məhsulunun qiyməti isə 90 manat təşkil edir. Deməli sığorta haqqı da bu məbləğə əsasında hesablanır.

Sözügedən fındıq ağacının (illik məhsulunun dəfəri 30 manat olan) sığortalanması üçün sığorta haqqı aşağıdakı kimidir:

Sığorta haqqı = 90 manat (3 illik məhsulun qiyməti) X 0,5% (sığorta tarifi) = 45 qəpik.

Başqa sözlə, ildə 30 manatlıq məhsul verən fındıq ağac və ya kolunun sığortası cəmi 45 qəpiyə başa gəlir.

Bu məbləğin yarısını, yəni 22,5 qəpiyi fermer özü, digər yarısını – 22,5 qəpiyi isə dövlət ödəyir.

1 ədəd portağal ağacının sığortası

İldə 50 kiloqram məhsul verən portağal ağacı 1 ildə 60 manatlıq (1 kq portağal 1,2 manatdan götürülərsə), 3 ildə isə 180 manatlıq məhsul verir.

Bu məbləği və sığorta tariflərini nəzərə alanda 1 ədəd portağal ağacının sığortası cəmi 90 qəpiyə başa gəlir.

Bu məbləğin yarısını, yəni 45 qəpiyi fermer özü, digər yarısını – 45 qəpiyi isə dövlət ödəyir.

1 ədəd naringi ağacının sığortası

İldə 50 kilqoqram məhsul verən naringi ağacı da 1 ildə 60 manatlıq (1 kq naringi 1,2 manatdan götürülərsə), 3 ildə isə 180 manatlıq məhsul verir.

Bu məbləği və sığorta tariflərini nəzərə alanda 1 ədəd naringi ağacının sığortası cəmi 90 qəpiyə başa gəlir.

Bu məbləğin yarısını, yəni 45 qəpiyi fermer özü, digər yarısını – 45 qəpiyi isə dövlət ödəyir.

Oxşar Xəbərlər