Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
4 may 1912-ci ildə İtaliya qoşunları 400 il Osmanlı hakimiyyətində olmuş Rodos adasını işğal etdi.
***
1919-cu il mayın 4-də Azərbaycan Demokratik Cümhuriyyəti nümayəndə heyətinin üzvləri Əlimərdan bəy Topçubaşov, Əhməd Ağayev və Ceyhun Hacıbəyli “Qafqaz Azərbaycanı reslublikasının Paris sülh konfransına memorandumu” adlı sənədi yenidən işləyib forumun keçirildiyi hər iki dildə – fransız və ingilis dillərində kitabça halında yayınladılar.
Sənədə yüksək keyfiyyətli rəngli xəritə də əlavə edilmişdi. Həmin xəritə fransız coğrafiyaşünası Forerin rəhbərliyi ilə hazırlanmışdı.
***
4 may 1924-cü ildə İraqda Kərkükdə türkmənlər assuri əsilli İngiltərə legioner qüvvələri – “Tiyari Levi” əsgərləri tərəfindən hücuma məruz qaldı. 200-dən çox türkmənin öldürüldüyü qırğın tarixə “Levi qətliamı” olaraq düşdü.
***
1931-ci il 4 may tarixində Mustafa Kamal Atatürk üçüncü dəfə ölkə başçısı seçildi.
***
4 may 1979-cu ildə Böyük Britaniya Mühafizəkarlar Partiyasının sədri Marqaret Tetçer (Margaret Thatcher) İngiltərə və Avropada ilk qadın baş nazir oldu. Baş nazirliyi dövründə dünya siyasətində əhəmiyyətli rol oynayan Tetçer həm də “Dəmir ledi” adı ilə tanınırdı.
***
1982-ci ilin 4 mayında Amerikanın Massaçusets ştatında Türkiyənin Bostondakı fəxri konsulu Orhan Gündüz öz avtomobilində ASALA erməni terror təşkilatının üzvləri tərəfindən qətlə yetirildi.
***
4 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Yuqoslaviyanı 27 il “Bağlantısız sosializm” anlayışı ilə yürüdən İosip Broz Tito (Josip Broz Tito) 1980-ci ilin bu günü 88 yaşında həyatdan köçüb. (1892-1980)
***
4 may Türkiyə musiqisinin məşhur adı Esin Enginin xatirə günüdür.
Müğənni, bəstəkar, dirijor və tərtibatçı olan E.Engin Türkiyə mədəniyyətinə bir sıra dəyərli əsərlər qazandırıb. (1945-1997)