Bu gün AVRO-2020-nin pley-off mərhələsində final oyunları keçiriləcək.
“QİA.AZ”ın məlumatına görə, A, B, C və D yolunda baş tutacaq həlledici qarşılaşmalardan sonra Avropa çempionatına son 4 vəsiqənin sahibi müəyyənləşəcək.
Günün ilk matçı D yolunda oynanılacaq. Gürcüstan millisi Tbilisidəki “Dinamo Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Digər 3 oyun isə eyni saatda – 23:45-də başlayacaq. A yolunda İslandiya seçməsi Macarıstanın qonağı olacaq. B yolunda Şimali İrlandiya millisi Slovakiya ilə, C yolunda isə Serbiya seçməsi Şotlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qalib gələn komandalar AVRO-2020-nin final mərhələsinə yüksələcəklər.
12 noyabr
AVRO-2020
Pley-off, final
A yolu
23:45. Macarıstan – İslandiya
B yolu
23:45. Şimali İrlandiya – Slovakiya
C yolu
23:45. Serbiya – Şotlandiya
D yolu
21:00. Gürcüstan – Şimali Makedoniya
Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.