Qubada çaya düşərək ölən şəxsin intihar etdiyi məlum olub.
“QİA.az”ın verdiyi məlumata görə, intihar hadisəsi rayonun “Qəçrəş yolu” adlanan ərazisində baş verib.
Belə ki, Quba şəhər sakini, Ağamirzə Əhmədov küçəsi, 21 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Ruslan Elman oğlu İsayev özünü hündür qayalıqdan ataraq intihar edib.
Bu barədə Rayon Polis Şöbəsindən Quba Rayon Prokurorluğuna məlumat daxil olub. Məlumat daxil olan zaman prokurorluq və polis əməkdaşları hadisə yerinə gələrək, meyitə baxış keçirib, məhkəmə tibbi ekspertizası təyin olunub.
İlkin məlumata görə, R.İsayevin intihar etməsinə səbəb kimi, bir neçə il bundan əvvəl həyat yoldaşı F.Aydəmirova ilə rəsmi olaraq boşandığı və keçmiş arvadının övladının onunla görüşməyə icazə vermədiyi bildirilir.
Ciddi əsəb sarsıntısı keçirən R.İsayev “Qəçrəş yolu” adlanan ərazidə qardaşı, 1991-ci il təvəllüdlü İsa İsayevlə söhbət edən zaman özünü qəflətən hündürlükdən ataraq intihar edib. Su arxının yatağına düşən R.İsayev aldığı xəsarətlərdən yerindəcə keçinib. Qardaşının intihar etdiyini görən İ.İsayev onu xilas etmək üçün özünü suya atıb. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.