Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
1919-cu ilin 16 mayında 9-cu Ordu Müfəttişi olaraq Bandırma gəmisi ilə İstanbuldan yola çıxan Mustafa Kamal Paşa ayın 19-da Samsuna çatır. Anadolunun mərkəzində milli mücadiləyə başlamağı planlaşdıran Atatürk bir gün sonra Osmanlının baş vəziri Damat Ferit Paşaya göndərdiyi teleqramda “İzmirin yunan əsgərləri tərəfindən işğalı milləti və ordunu çox kədərləndirib. Nə xalq, nə də ordu bu haqsız hücumu qəbul etməyəcək” sözlərilə hədəfini qapalı şəkildə ortaya qoyur.
19 may, eyni zamanda, simvolik olaraq Atatürkün doğum tarixi qəbul edilib. 1938-ci ildən bu gün Türkiyədə milli bayram elan olunub.
***
1919-cu ilin 19 mayında Versal sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndələri Polşa və İran nümayəndə heyətləri ilə görüşdü. Danışıqlar nəticəsində Qafqaz respublikalarının siyasi-iqtisadi ittifaqının yaradılması qərara alındı. Gürcülər və Dağıstan xalqları Azərbaycanla birlikdə bu ittifaqda birləşməyə razılıq verdilər. İttifaqa ermənilər də dəvət edilmişdi. Lakin onlar vahid Ermənistan yaratdıqdan sonra Qafqaz konfederasiyasında iştirak edəcəklərini bildirdilər.
***
1929-cu ilin bu günü Amerika Birləşmiş Ştatlarında kino ilə bağlı “Oscar” mükafatı təsis edildi.
“Oscar” 1927-ci ildə yaradılmış Amerika Kino Akademiyasının ali mükafatıdır.
Sıralarında beş minədək görkəmli kino xadimini birləşdirən bu akademiya Amerika kino məhsullarının bədii, ictimai və texniki səviyyəsini qiymətləndirir.
Amerika Kino Akademiyasının “Oscar” mükafatı 20 kateqoriya üzrə ən yüksək nailiyyətlərə görə təqdim olunur.
Azərbaycan kino xadimlərindən yalnız “Günəşdən yoğrulmuşlar” filminin ssenari müəllifi Rüstəm İbrahimbəyov “Oscar”a layiq görülüb.
***
1997-ci il 19 mayda Azərbaycan respublikası Avropada “Adi Silahlı Qüvvələr haqqında müqavilə”yə qoşuldu.
***
19 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Bu gün Azərbaycanın görkəmli maarifçisi, siyasi və ictimai xadimi, publisit, şərqşünas Əhməd bəy Ağayevin (Əhməd Ağaoğlu) xatirə günüdür. O, 1869-cu ilin bu günü Qarabağın mərkəzi Şuşada anadan olub. Orada yeni tipli məktəbi bitirdikdən sonra Sankt-Peterburq Texnologiya Universitetinə girib, sonra təhsilini Sorbonna Universitetinin hüquq fakültəsində davam etdirib.
Hacı Zeynalabdin Tağıyevin dəvətilə Bakı Realnı Məktəbində fransız dilini tədris edən Əhməd bəy Ağayev, eyni zamanda, “Kaspi”, sonralar isə “İrşad” və “Tərəqqi” qəzetlərinin redaktoru olub.
Ə.Ağayev 1903-cü ildə Osmanlı dövlətinə (Türkiyə) mühacirət edib, mətbuatda çalışıb, İstanbul Universitetinin professoru olub, Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
1918-ci ildə Osmanlı Qafqaz Ordusu tərkibində siyasi müşavir kimi Bakıya rəsmi səfərlə gələn Əhməd Ağaoğlu İranın Ənzəli şəhərində təşkil edilən İngiltərə – Azərbaycan danışıqlarında Azərbaycan nümayəndə heyətinin başçısı olub.
Ə.Ağaoğlu 1939-cu ilin 19 mayında İstanbulda vəfat edib və orada da torpağa tapşırılıb. (1869-1939)
***
Azərbaycanın xalq artisti, opera müğınnisi Hüseynağa Hacıbababəyov 1898-ci ilin bu günü Şamaxıda dünyaya gəlib.
18 yaşından (1916) musiqi truppası ilə Qafqaz, Orta Asiya və İranın bir çox şəhərlərində qasrolda olan və əsasən qadın partiyalarını oxuyan müğənni 1920-ci ildən başlayaraq düz 40 il Azərbaycan Opera və Balet Teatrının solisti olub.
Hüseynağa Hacıbababəyov həm Azərbaycan, həm rus, həm də Qərb bəstəkarlarının operalarında çıxış edib. (1898-1972)
***
Azərbaycanın tanınmış şairi və tərcüməçi Vladimir Qafarov 1935-ci ilin 19 mayında Sabirabadda anadan olub. O, 90-cı illərdə “Azərbaycan ordusu” və “Xəzərin keşiyində” hərbi qəzetlərinin yaradılmasında iştirak edib, publisitik yazılarla çıxış edib. (1935-2000)