Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) “Qarabağ Azərbaycandır!” şüarı ilə idman jurnalistləri arasında mini-futbol turniri təşkil edəcək.
“QİA.az”ın məlumatına görə, yarış AGİN, ADBTİA və AFFA-nın təşkilati dəstəyi ilə gerçəkləşəcək.
Turnirdə iştirak üçün müraciət fərdi qaydada olacaq və komandalar püşk yolu ilə müəyənləşəcək. Komandalara rəmzi olaraq, “Cəbrayıl”, “Füzuli”, “Zəngilan”, “Qubadlı”, “Şuşa”, “Ağdam”, “Kəlbəcər” və “Laçın” adları veriləcək.
Yarış hər birində 4 komanda olmaqla iki qrupda təşkil ediləcək. İlk 2 yeri tutanlar pley-of mərhələsinə vəsiqə qazanacaqlar. Hər qrupun qalibi digər qrupun ikincisi ilə yarımfinalda qarşılaşacaq. Yarımfinal qalibləri finalda, məğlub olanlar isə 3-cü yer uğrunda qarşılaşacaqlar.
Qalib komanda mükafatlandırılacaq. Bundan başqa, turnirdə seçilən 3 ən yaxşı jurnalist-futbolçu bu ilin avqustunda Gürcüstanın Batumi şəhərində keçiriləcək jurnalistlərin beynəlxalq futbol turnirində ölkəmizi təmsil edəcək komandanın tərkibinə cəlb ediləcəklər.
Yarış açıq havada – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək. Turnirin tarixi və keçirilmə qaydaları barədə əlavə məlumat veriləcək.
Turnirdə iştirak etmək istəyən idman jurnalistləri iyunun 1-dək AİJF-nin e-mailinə ([email protected]) öz ad, soyad, əlaqə telefonu və təmsil etdikləri media orqanının adını göndərməklə qeydiyyatdan keçə bilərlər.