Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
1498-ci ilin bu günü Portuqaliya səyyahı Vasko da Qama 4 gəmidən ibarət donanma ilə Hindistan yarımadasının cənub sahillərinə çatıb lövbər atdı. Beləliklə, Qərbi Avropadan Hindistana dəniz yolu salındı. Bu hadisədən sonra Vasko da Qama öz həmvətənlisi Xristofor Kolumbdan daha çox məşhurlaşdı. Çünki Kolumb Hindistana gedib çata bilməmişdi.
Vasko da Qamanın bu uğurunda donanmanın lotsmanı, ərəb mənşəli Əhməd ibn Məcidin böyük xidmətləri qeyd edilir.
***
20 may 1932-ci ildə amerikalı pilot Ameliya Erhart (Amelia Earhart) Nyufaundlad (Newfoundlad) – İrlandiya uçuşu ilə Atlantika okeanını təkbaşına və dayanmadan keçərək aviasiya tarixinə ilk qadın pilot olaraq düşdü.
A.Earhart 1935-ci ilin yanvarında isə Atlantikadan daha uzun məsafəli Havay – Kaliforniya arasını təkbaşına uçan ilk adam oldu.
***
20 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Bu gün məşhur avropalı səyyah Xristofor Kolumb yada salınır.
1492-ci ildə Hindistana dəniz yolu tapmaq məqsədilə səyahətə çıxan Kolumb təsadüfən Amerika qitəsinin sahillərinə gəlib çıxır. Bundan sonra o daha 3 dəfə “yeni dünya”nın ayrı-ayrı yerlərində lövbər salır.
Xristofor Kolumb 1506-cı ilin bu günü 55 yaşında İspaniyanın Valyadolid şəhərində vəfat edib. (1451-1506)
***
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Onore de Balzak 1799-cu il 20 mayda Fransanın Tur şəhərində anadan olub.
Balzakın yaradıcılığı janr etibarilə rəngarəngdir. Ona şöhrət qazandıran ilk əsər “Şuanlar” tarixi romanıdır. “Bəşəri komediya” adlandırdığı 90 əsərdən ibarət silsiləsində “Qorio ata”, “Polkovnik Şaber”, “Şaqren dərisi”, “Qobsek”, “Yevgeniya Qrande”, “Qəyyumluq məsələsi”, “Əntiq şeylər muzeyi” kimi məhşur romanları var ki, dünyanın əksər dillərinə tərcümə olunub. (1799-1850)
***
20 may Azərbaycanın klassik ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin xatirə günüdür.
Ali ruhani təhsili almaq həvəsi 21 yaşlı (1856) gənc Seyid Əzimi əvvəl İraqa – Nəcəf və Bağdada, sonra isə Suriyanın Dəməşq (Şam) şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra (1869) orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.
Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir.
Əsasən qəzəl janrında yazmış S.Ə.Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində “Əkinçi” qəzetinin mühüm rolu olub. Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi ideya etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata”, “Qafqaz müsəlmanlarına xitab” və s. satiralarıdır.
Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci ilin bu günü 53 yaşında Şamaxıda vəfat edib. (1835-1888)
***
Azərbaycan folkloru və ədəbiyyatının görkəmli tədqiqatçısı, şair və mətnşünas Salman Mümtaz 1884-cü ilin 20 mayında anadan olub. 1905-ci ildən ömrünün sonunadək dövriu mətbuatda şeir və məqalələrlə çıxış edib. 1920-ci ildən Azərbaycan ədəbiyyatının folklor nümunələrinin toplanması və araşdırılması ilə məşğul olub.
Salman Mümtaz 1938-ci ildə Stalin repressiyasının qurbanı olub və 44 yaşında sürgündə həyatını itirib. (1884-1928)
***
Azərbaycan teatr səhnəsində çıxış edən ilk qadın müğənni Həqiqət Rzayeva 1907-ci ilin bu günü də dünyaya gəlib.
1927-1952-ci illərdə muğam və xalq mahnılarının mahir ifaçısı kimi tanınan müğənni opera teatrında Ərəbzəngi, Leyli, Əsli, Telli, Şahsənəm kimi obrazları məharətlə ifa edib.
Bakı Asəf Zeynallı adına Musiqi Məktəbində dərs demiş Həqiqət Rzayeva həm də bir neçə bədii filmdə çəkilib. (1907-1969)